Pensiya az, ağır yük daşıyan yaşlı nəsil — Sosial sistemin faciəvi boşluğu — ŞƏRH

Pensiya az, ağır yük daşıyan yaşlı nəsil — Sosial sistemin faciəvi boşluğu — ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yükdaşıma şirkətlərində işləyən fəhlələrin arasında pensiya yaşına çatmış insanların sayı az deyil. Ayaqları əsə-əsə ağır çantalar, mebel və digər yükləri daşıyan yaşlı kişilərin mənzərəsi çoxlarına təsir edir. Fiziki gücü tükənmiş bu insanların işləmək məcburiyyətində qalması, onların həm psixoloji, həm də sağlamlıq baxımından ciddi risklər yaşamasına səbəb olur. Bundan başqa, müşahidələr göstərir ki, yaşlı fəhlələrin əsəbi, aqressiv davranışları müştərilərlə münasibətləri də gərginləşdirir.

Cəmiyyətdə bu məsələ böyük narahatlıq doğurur: Niyə yaşlı insanlar pensiya dövründə istirahət etmək əvəzinə, ağır zəhmətə məcbur qalırlar? Dövlət bu sahədə necə nəzarət mexanizmləri tətbiq etməlidir?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, çox təəssüf ki, belə mənzərələri tez-tez görürük. Ağrılı bir problemdir.

E. Bayramlının sözlərinə görə, çox yaşlı insanlar ağır işlərdə çalışmağa məcbur olurlar. Fəhləlik, tikinti işlərində, hətta bütün ölkələrdə şəhərin təmizlik işlərini orta yaşlı, gənc insanlar aparır. Biz isə çox yaşlı, 65-75 yaşında qocalar şəhərin təmizlik işlərini görürlər. Bu təbii ki, sosial ehtiyacdan, məcburiyyətdən olan bir şeydir. Çünki bizdə pensiyalar çox aşağıdır. Bu adamlar təxminən 300 manat civarında pensiya alırlar. Bu da heç kommunal xidmətlərin və onların dərmanlarının qiymətini ödəmir. Çünki yaşlı insanların daim tibbi müalicəyə ehtiyacları olur. Məcbur olub ağır işlərdə işləyirlər ki, yaşayışlarını təmin etsinlər.

Sosiloq qeyd edir ki, bu məsələ elə bir problemdir ki, cəmiyyətdə ciddi bir qıcıq yaradır. Yaşlı insanlar, xüsusən də istirahət etməli bir vaxtda onun bütün fiziki, psixoloji, zehni enerjisi tükənmiş bir vəziyyətdə təzədən ağır işlərdə çalışmaq ümumi aqressiyanı artırır. Dünya ölkələrində yaşlı insanlar elə bir pensiya alır ki, onlar bütün təminatlarını ödəyə bilir və hətta xarici ölkələrə səfər etməyə belə vaxt ayırırlar. Bizim yaşlı insanların 99 faizində bu imkan yoxdur. Bəzən olur ki, bir çox ölkələrdə yaşlı insanlar işləyir. Lakin onlar könüllü formada, məşğuliyyət üçün, vaxtlarını səmərəli keçirməkdən ötrü çalışırlar. Onların pula ehtiyacı yoxdur.

Çıxış yolu təklif edən sosiloq qeyd edir ki, dövlət elə bir siyasət yürütməlidir ki, insan 30-40 il fasiləsiz olaraq işləyirsə, düşünür ki, pensiyaya çıxanda rahat olsun, həyatını heç olmasa minimum təmin edə bilsin. Amma bu 30-40 illik əziyyətdən sonra onun aldığı pensiya bir nəfərin yaşayış minimumununu belə ödəmir. Hələ bunun öhdəliyində ailə üzvləri, xəstəsi də ola bilər. Bu baxımdan məsələni ancaq pensiyaların yüksəldilməsi ilə təmin etmək olar. Və xüsusi işlər var ki, yüngül, ağır, fiziki zəhmət tələb etməyən işlərə yaşlı insanları qəbul etmək olar. Məsələn, sosial layihələr, mədəni sahələr var ki, yaşlı adamlar sadə işlərlə başını qata bilər, həyatını maraqlı keçirər, əlavə bir gəlir də əldə edə bilər. Bu məsələlərdə müəyyən bir standart olmalıdır ki, hər kəs necə gəldi insanların fiziki imkanlarını istismar etməsin. Sosial Müdafiə Fondu, nazirliklər, dövlət orqanları əmək bazarında elə proqramlar həyata keçirə bilərlər ki, müəyyən kvotalar qoyaraq, şirkətlərdə, dövlət orqanlatında yüngül vəzifələrdə o yaş kateqoriyasından işçilər götürülsün. Əlavə olaraq da pensiyanın azlığı əsas problemdir. Pensiyalar ən azı iki dəfə artmalıdır ki, insanlar elementar ehtiyaclarını ödəyə bilsinlər. Bu istiqamətdə sosial proqramlar, layihələr olmalıdır. Məlum qiymətlər şəraitində bu pensiyalarla heç kim yaşaya bilməz.

Elçin Bayramlı sonda bildirib ki, bir çox insanların varisləri, övladı yoxdur. Onlar üçün çətindir. Bizdə adətən yaşlanan insanlar övladları tərəfindən himayə olunur. Bəzilərində bu imkan yoxdur. Onlar tamamilə taleyin ümidinə qalıb. Bu barədə normal ölkələrin təcrübəsinə baxmaq lazımdır. Bizdə də həmin sistemlərdən qurulmalıdır ki, sağlam cəmiyyət formalaşsın.

Dəniz Pənahova