“Rusiya ilə münasibətlərimiz ötən ilin dekabrına qədərki kimi olmayacaq”
Bu gün Azərbaycanın çağdaş siyasi tarixində özünəməxsus yeri olan Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseynin doğum günüdür. O, 68 yaşını qeyd edir. “Yeni Müsavat” Pənah Hüseynlə doğum günü ilə bağlı söhbətləşib. Müsahibəni təqdim edirik:
– Pənah bəy, bəlkə də Azərbaycanda ildə iki dəfə doğum günü təbriki alan yeganə siyasətçisiniz – həm 8 avqustda, həm də 28 oktyabrda. Bu maraqlı situasiya necə yaranıb?
– Mənim yaxınlarım, atam və anam söyləyirdi ki, əslində avqustun 8-i ya da 9-u doğulmuşam. Amma şəhadətnaməmdə rəsmi olaraq oktyabrın 28-i qeyd olunub. Açığı, özüm də dəqiq bilmirəm necə olub, sadəcə, deyirdilər ki, sən yay ayında dünyaya gəlmisən, bu da, təbii ki, avqusta uyğun gəlir.
– Adətən doğum gününüzü necə qeyd edirsiniz – sakit, ailəvi şəkildə, yoxsa dost çevrəsində, siyasi yoldaşlarla bir arada?
– Sözün doğrusu, mən adətən doğum günümü qeyd etmirəm. Çünki dəqiq bilmirəm də (gülümsəyir). Amma elə vaxtlar olub ki, ad günümü qeyd etmişəm. Məsələn, 20 yaşım olanda tələbə dostlarım bir dəfə qeyd etmişdilər. O vaxtkı “İnturist”in, hansı ki, artıq sökülüb – güzgülü zalında tələbə yoldaşlarım ad günü keçirməklə mənə hədiyyə etmişdilər.
Daha sonra Bayıl həbsxanasında ad günümü qeyd etmişəm. Həmin vaxt “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Sərdar Cəlaloğlu, Arif Hacılı, mərhum İbrahim İbrahimli və başqaları ad günümü qeyd etmişdik. Başqa xüsusi bir ad günümü qeyd etməyimi xatırlamıram.
– Son günlər Rusiya-Azərbaycan münasibətlərində diqqətçəkən dinamika müşahidə olunur. Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə zəngi, “Sputnik Azərbaycan” rəhbərliyindən olan şəxslərin azadlığa buraxılması və Rusiyada həbsdə olan azərbaycanlı iş adamı Yusif Xəlilovun sərbəst qalması bu fonda diqqət çəkir. Siz bu hadisələr zəncirini necə qiymətləndirirsiniz? Bu, Bakı-Moskva münasibətlərində yeni mərhələnin başlanğıcı sayıla bilərmi?
– Mənim fikrimcə, bunu daha çox normallaşdırma prosesi kimi dəyərləndirmək olar. Çünki ötən ilin dekabrında iki dövlət arasında ciddi bir gərginlik mövcud idi. İndi bu gərginliyin aradan qaldırılması səyləri müşahidə olunur. Amma mənim fikrimcə, artıq heç vaxt Azərbaycan-Rusiya münasibətləri ötən ilin dekabrına qədərki kimi olmayacaq. Daha doğrusu, əslində aşkar olan budur ki, bu kimi gərginliklər zaman-zaman müəyyən məqamda yetişirdi, sadəcə, ötən ilin sonları və bu il açıq formada üzə çıxdı. Fikrimizcə, Rusiya tərəfi Azərbaycanla bundan sonrakı münasibətlərini daha bərabər səviyyədə qurmalı olacaq və buna vərdiş etməli olacaq. Azərbaycan artıq fərqli geosiyasi məkandadır. Əvvəlki dövrlərdən fərqli olaraq, qlobal proseslərin həm obyekti, həm də subyekti kimi çıxış edir.
Artıq biz bu münasibətləri əgər əsasən Rusiya tərəfdən asılı hesab etsək, Moskvanın Cənubi Qafqazda və bütövlükdə Cənub-Şərq istiqamətində mənfi siyasətini davam etdirməsi halında oxşar gərginliklərin yenidən yaşanması gözləniləndir. İstənilən halda, Azərbaycan öz strateji hədəflərinə uyğun olaraq, yəni Türk Dövlətləri Təşkilatı çərçivəsində, digər müttəfiq ölkələrlə əlaqələr və münasibətlər, o cümlədən müttəfiq münasibətlər çərçivəsində müstəqil güc mərkəzi və müstəqil geosiyasi qütb kimi proseslərdə çıxış etməlidir və edir. Bu gün də artıq görünür. Rusiya ilə münasibətlər də bu kontekstdən irəli gələrək müəyyən transformasiyaya uğrayır və gərginliyin aradan qaldırılması üçün enişli addımların gerçəkləşməsi ilə müşahidə oluna bilər.
– Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində də müəyyən irəliləyişlər müşahidə olunur. Rəsmi Bakı bir sıra humanitar addımlar atdı, qarşı tərəfə jestlər etdi. Sizcə, bu, sülh müqaviləsinin imzalanmasına nə dərəcədə yaxınlaşdırır? Sülh müqaviləsi hansı ölkədə imzalana bilər? Bəziləri bu məsələdə Türkiyə və ya Gürcüstanın adını çəkir. Siz necə düşünürsünüz?
– Əlbəttə, bu müxtəlif hadisələrin gedişatından asılıdır. Mən prinsipcə hətta Ermənistandakı gözlənilən parlament seçkilərinə qədər də sülh müqaviləsinin imzalanmasını mümkün sayıram, istisna etmirəm. O ki qaldı Azərbaycanın şərtlərinə, onlar haqlı şərtlərdir. Ermənistanın konstitusiyasındakı dəyişiklik daxil olmaqla, həm də sonrakı qeyri-şərtlər qoyula bilər. Orada bildiyiniz kimi, dördüncü mərhələ var: bu cür müqavilələrin təsdiqlənməsi, parlament təsdiqi və həmin təsdiqdən sonra qüvvəyə minməsi qeyri-şərtini qoymaqla, fikrimcə, Ermənistan hətta iyun ayında keçiriləcək seçkilərdən əvvəl də sülh müqaviləsini imzalaya bilər. Hətta bəzi siyasi şərhçilər ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü bildirirlər.
Real bir imkan yaranıb. Vaxtı ilə “Qafqaz evi” ideyası var idi, indi isə daha geniş çərçivəli region birliyi formalaşa bilər. Ermənistanın gələcəkdə Türk Dövlətləri Birliyində müşahidəçi və ya başqa statusla təmsil olunması da mümkündür. Təhlükəsizlik sisteminin dəyişməsi, yəni Ermənistanın təhlükəsizliyinin və Türk Dövlətləri Birliyinin təhlükəsizliyinin təminatı, birinci növbədə Azərbaycanın təhlükəsizlik təminatı altına girməsi və bu kimi istiqamətlərdə inkişafı mümkün edir. Əslində bu, Ermənistan üçün bəlkə də dövlətin mövcudluğu və regionda qalması üçün son şanslardan biridir.
O ki qaldı sülh müqaviləsinin hansı ölkədə imzalanmasına, Rusiya gedən proseslərdə məyus görünür, amma bu Rusiyanın siyasətinin nəticəsidir. Keçmiş postsovet ölkələrinə qarşı aqressiv münasibətinin əvvəldən zərərli və qüsurlu olmasından irəli gələn vəziyyətdir. Bəzi ekspertlər sülh müqaviləsinin Moskvanın səviyyəsində imzalanmasını təklfi edir. Hətta bu təklif Rusiyanın Xarici İşlər Nazirliyi səviyyəsində səsləndirilib. Prinsip etibarı ilə mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Önəmli olan sülh müqaviləsinin öz təyinatına çatmasıdır. Yəni regionda, o cümlədən konkret olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin fundamental rolu diplomatik müqavilə vasitəsilə təmin olunmalıdır. Məncə, bu, kifayət qədər realdır.
Bunun üçün Ermənistan bölgə və Azərbaycan üçün təhdidedici olan siyasətindən əl çəkməlidir. Orada revanşist qüvvələrə cavab verilməli, Azərbaycanın təhlükəsizliyi üçün təhdid olan çıxışlar və Ermənistanın hücum silahları ilə silahlanması sona çatdırılmalıdır. Ölkələr arasında tədricən humanitar və insani münasibətlərin bərpası isə çox çətin görünür və bunun da səbəbləri var. 30 illik münaqişə, bu münaqişədən əvvəl müharibə, bu müharibədə iştirak edən itkilər, dağılan ailələr və insanlar – bunların hamısı nəzərə alınmalıdır. Fikrimcə, strateji olaraq gələcəkdə belə bir insani münasibətlərin normallaşma prosesinin başlanması mümkündür. Amma indiki halda əlbəttə ki, bu dövlətlər arasında münasibətlərin normal səviyyəyə gətirilməsi əsas hədəfdir.
– Hazırda Azərbaycan ictimai-siyasi gündəminin əsas mövzularından biri Ramiz Mehdiyev işi olaraq qalır. Hər keçən gün bu prosesdə yeni, qalmaqallı və maraqlı detallar üzə çıxır. Sizcə, istintaqın gedişində bu iş üzrə daha hansı adların hallanması və ya yeni həbslərin baş verməsi ehtimalı varmı?
– Hələ ki Ramiz Mehdiyev işi ilə bağlı mətbuatda nə təkzib, nə də təsdiq olunmamış məlumatlar var. Ona görə də bu məlumatlara şərh verməyi doğru saymıram. Təxminən 2 həftədən artıq bu proses gedir. Bu cür məsələlər istənilən halda, motivasiyasından və formasından asılı olmayaraq, pozitiv tərəfə malikdir, yəni cəmiyyətdə müəyyən katalizator rolunu oynaya, məsələnin simvolik təmizlənməsinə xidmət edə bilər. Lakin məsələnin bu şəkildə uzanması, açığı, müəyyən fəsadlar da yaratmağa başlayıb. Ona görə də rəsmi dairələr tərəfindən aydınlıq gətirilməsi vacibdir. Məsələnin artıq istər regional, istər regiona yaxın müəyyən dairələr və ya klanlararası proses şəklinə düşməsinə yol vermək olmaz. Yəni aydınlığa ehtiyac var. Aydınlıq gətirilməli, yekun xarakterli addımlar atılmalıdır. Təəssüf ki, bunlar yoxdur”.










