Arif Acaloğlunun avtomobil qəzasında ölümü xəbəri bu günün çox ağır, qara xəbəri oldu. Milli qüvvələr üçün əvəzolunmaz itkidir.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib. O qeyd edib ki, Arif Acaloğlu Azərbaycan milli hərəkatının çox qiymətli xadimlərindəndir. Elçibəyin silahdaşlarındandır:
“Tanışlığımızın tarixi 1987-yə gedib çıxır. 1992-93- cü illərdə Elçibəy hakimiyyəti dönəmində, Prezident Admnistrasiyasında çalışdığı illərdə dövlətin xüsusi tapşırıqları ilə bağlı mərhum Nihat Çətinqayayla birlikdə həyati təhlükəli xidmətlərdə olub. Sonralar da tanınmış türkoloq alim, ziyalı olmaqla birlikdə xüsusi təyinatlı fəaliyyətlərini davam etdirib. Azərbaycan və dünya türklüyü onun xidmətlərindən nə vaxtsa xəbardar olacaq. Son dəfə bu ilin baharında görüşmüşdük. Milli qüvvələr üçün əvəzolunmaz itki oldu”.
Xatırladaq ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tanınmış alimin həlak olduğu yol qəzası barədə məlumat yayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə noyabrın 15-i saat 23:30-da Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib.
Məlumata görə, Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdirildiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Kliniki Tibbi Mərkəz də KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun iştirakı ilə baş verən yol qəzası barədə məlumat yayıb.
Mərkəzdən APA-ya daxil olan məlumatda deyilir ki, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Hadisədən dərhal sonra A. Maqsudov A.Acaloğlunu Sabunçu rayon mərkəzi xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində A. Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.