Pekin hakimiyyəti güclü yağışların yaratdığı daşqın təhlükəsi ilə əlaqədar təcili tədbirlər görüb.
Tribunainfo.az-ın xəbərinə görə, son 24 saat ərzində 31 mindən çox sakin təxliyə edilib.
Yerli meteoroloji xidmətin məlumatına görə, ən güclü yağış Pekinin cənub-qərb hissəsinə düşüb. Belə ki, Fanşan rayonunun bəzi yaşayış məntəqələrində bir gündə 350 mm-dən çox yağıntı qeydə alınıb. Pekində orta hesabla 122 mm yağıntı qeydə alınıb.
Pekin Şoudu Beynəlxalq Hava Limanı son bir yarım gündə 92 reysi ləğv edib. Yerli KİV-in məlumatına görə, hava limanının rəhbərliyi iyulun 30-da 52, iyulun 31-də isə 40 reysi təxirə salmalı olub.
Şəhər rəhbərliyi Pekində çətin hava şəraiti səbəbindən hər yerdə tikinti işlərinin dayandırıldığını bildirib. Səlahiyyətlilər daşqınların qarşısını almaq üçün tədbirlər görür.