Sabirabadda qonşuluqda yaşayan şəxsin azyaşlı uşağa qarşı törətdiyi pedofiliya cinayəti vətəndaşları şoka salıb və sosial şəbəkələrdə gündəm mövzusuna çevrilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və təqsirləndirilən şəxs barəsində cinayət işi açılaraq həbs qətimkan tədbiri seçilib.
Məsələ ilə bağlı Tribunainfo.az-a müsahibə verən psixoloq-yazıçı Elbrus Kəlbiyev suallarımızı cavablandırıb.
— Bu cür halların təkrarlanmaması üçün valideynlər, məktəb və cəmiyyət necə davranmalıdır?
— Müəllimlər də məktəb və bağçalar da valideyn rolunu oynamalı, uşaqları həyatın hər bir sürprizinə hazır etməlidirlər.
— Belə hadisələr uşağın psixologiyasında hansı uzunmüddətli travmalara səbəb ola bilər?
— Əgər artıq belə bir hadisə baş veribsə, uşağa ən yaxşı psixoloji dəstək bu hadisəni birlikdə unutmaq, bu barədə heç vaxt danışmamaq, mümkünsə, ailəlikcə yaşayış yerini dəyişmək və eyni anda uşaqla daha yaxından maraqlanmaq, onun uğurlarına dəyər verməkdə davam etmək lazımdır. Müxtəlif dolayı yollar tapıb onun yanında olmaq, mənəvi dayaq olmaq mütləqdir.
— Azyaşlıların bu cür hallardan qorunması üçün valideynlərə hansı davranış modeli tövsiyə olunur?
—Valideyn uşaqları ilə bu cür halların baş verməməsi üçün çox ciddi nəzarət etməlidir. Bunun üçün çox böyük nəzəri psixoloji biliklərə malik olmasa da, tənqidi təfəkkürü açıq olmalıdır. Diqqətli olmalıdır. Müşahidə etməyi bacarmalıdır. Məsələn adam görür ki, qonşudakı 40 yaşlı kişi onun 7 yaşlı uşağı ilə söhbət edir. O, dərhal düşünməlidir ki, 40 və ya olsun 20 yaşlı insanla 7 yaşlı uşağın nə dostluğu?? Anladıq, bir dəfə qonşu kimi uşağa nəsə xoş söz deyə bilər. Amma bu mütəmadi hal alıbsa, demək ortada pis nəsə var. Ya da ana görür ki, ögey ata və ya başqa bir yaşca böyük qohum onlara tez-tez gələrək, uşaqla çox vaxt keçirməyə səy göstərir.. . Yəni, diqqətli olmaq, müşahidə etmək, lazımi məqamlardan nəticə çıxarmağı bacarmaq hər sahə üçün çox lazımlı keyfiyyətlərdir. Valideyn uşağının fiziki cəhətdən sağlam böyüdülməsi üçün nə qədər çalışırsa, onun daxili mənəvi aləminin də zəngin və dəyərli, psixikasının sağlam formalaşması üçün bir o qədər çalışmalıdır. Bu çox geniş mövzu olduğundan bir müsahibədə hər detala toxunmaq olmur. Amma bəzi əsas məqamları göstərmək olar. Valideyn ilk növbədə uşağa dəyər verməlidir. Onun ən kiçik bir nəaliyyətini mükafatsız qoymamalıdır. Bir, “əhsən” -deməsi də böyük mükafatdır. Söhbət tək maddiyatdan, oyuncaq hədiyyədən getmir. Amma eyni anda etdiyi səhvlər izah olunmalı və lazım gələndə cəza mexanizmi də işə düşməlidir. Əsas olan uşaq nəzarətdə olmalıdır. Uşağı iradəsi möhkəm böyütmək üçün ona imtina etməyi vərdiş etdirmək lazımdır. Çünki güclü iradə əldə etməkdən çox lazımsız, dəyərsiz hədiyyələrdən, daxili və xarici istəklərdən lazım olan anlarda imtina etmək bacarığı deməkdir.
— Bu cür cinayətləri törədən şəxslərin psixoloji portreti necə olur? Onları əvvəlcədən tanımaq mümkündürmü? Pedofil şəxsləri pedofilyaya gətirən səbəb, travma nə olur? Onlar bu durumdan qurtula bilərlərmi?
— Pedofiliya beyin funksiyasının məlum istiqamətdə ən müxtəlif səbəblərdən pozulması nəticəsində baş verir. Lakin bu adam tam olaraq anlaqsız hala gəlmiş bir ruh xəstəsi deyil. Onun ağlı tam olaraq başında, nə etdiyini, bunun pis, ağır bir əməl, cinayət olduğunu anlayır, lakin instiktiv istəyinə sərhəd qoymaq, ona qarşı çıxmaq istəmir. Ümumiyyətlə, insanlar hər zaman öz əhvallarının əsiridirlər. İnsan “indi, bu dəqiqə əhvalım yaxşı olsun” deyə bir çox ziyanlı işlər görə bilir və bu vaxt nəinki başqa birinin halını düşünməz, hətta öz gələcək həyatını da məhv edər. (Məsələn siqaret, narkotik, alkoqol aludəçiləri və sair). Pedafiliya isə köməksiz, həyatı hələ dərk etməyən uşaqlara qarşı çox ağır cinayətdir. Statistika göstərir ki, uşaqlar bu tip zorakılığa 80-90 faiz hallarda yaxınları tərəfindən məruz qalırlar. Yəni, pedofillər ən çox yaxınlarına, qohumlarına, qonşularına, tanıdıqlarına qarşı bu cür davranırlar. Bu tip adamlara ən çox ögey ata, dayı, əmi, ögey qardaş, xala oğlu, dayı oğlu, yaxın qonşu, sinif yoldaşı, sekta yoldaşı və sairlər arasında rast gəlinir. Çünki bu hadisənin baş verməsi üçün təcavüzkar ilk əvvəl monipulyasiya edib qurbanı ilə aralarında “etibar” yaratmalıdır. Bunu etmək üçün də onların müəyyən müddət bir yerdə ola bilmələri, danışıb söhbət edə bilmələri şərtdir. Bu münbit şərait də ən çox yaxınlar üçün var. Pedofillər psixopatlar kimi zor tətbiq etməyi seçməzlər. Onlar daha çox uşaqları monipulyasiya edərək ələ alıb bu işi sonunda əgər belə demək mümkünsə “hər iki tərəfin razılığı ilə” görürlər.
İlk əvvəl uşağın etibarını qazanır, daha doğrusu isə özlərini uşaq üçün çox dəyərli edirlər. Məsələn monipulyativ söhbət əsnasında uşaqlara -“Sən artıq böyüksən. Mən səni anlayıram. Səninlə razıyam. Səni valideylərin anlamır? Mən anlayıram”. Burada uşaq görür ki, valideynindən daha çox dəyər verən birinin yanındadır. Bu adam getsə, ona verilən dəyər də yox olacaq. Burada ilk bağ yaranır. Sonra həmin adam uşağa əvəzsiz müxtəlif hədiyyələr verir, maşınında gəzdirir, oyun meydançalarına aparır və s. Bu isə əslində uşaqla şüur altı gizli müqavilədir. Yəni uşaq şüur altı özünü qarşılıqlı olaraq ona borclu hesab edir. Sonra isə yenə anlaşıqlı söhbətlər, emosional yelləncəklər, günah üstündən, qorxu üstündən, utanc üstündən və daha neçə başqa monipulyasiyalar. Bütün bunların sonunda o, istəyinə nail olur. Bu iş üzə çıxmasın deyə dərhal yenə monipulyasiyaya keçərək bu işdə uşağın da günahı olduğunu bildirir, iş üzə çıxsa, ona çox pis olacağını anladır və bu cür səbəblərlə belə hallar bəzən gizli qalaraq uzun müddət təkrar-təkrar davam edir. Ən çox bu hallar valideyn nəzarətindən uzaq olan yerlərdə baş verir. Məsələn müxtəlif sektalarda, düşərgələrdə, internat məktəblərdə və sair.
Söhbətləşdi: Dəniz Pənahova