“Bakıda mənzil bazarında 2025-ci ilin əvvəlindən etibarən müşahidə olunan canlanma artıq sabit tendensiya halını alıb. Qiymətlərdə real artım müşahidə olunur və bu proses həm ilkin, həm də ikinci əl mənzil seqmentlərinə təsir edib”.
Bu sözləri paytaxtın daşınmaz əmlak bazarındakı mövcud vəziyyəti şərh edən “MBA Consaltinq” şirkətinin rəhbəri Faiq İbrahimov söyləyib.
Onun sözlərinə görə, son bir il ərzində paytaxtda mənzillərin orta satış qiyməti təxminən 10-15 faiz artıb: “Bu artımın dinamikası daha çox layihənin keyfiyyət səviyyəsi, lokasiyası və infrastruktur təminatı ilə bağlıdır. Mənzil bazarındakı qiymət artımı təsadüfi deyil. Tikinti materiallarının və işçi qüvvəsinin maya dəyərində artım, eyni zamanda ipoteka proqramlarının genişlənməsi və alıcıların artan marağı bu prosesi şərtləndirən əsas amillərdir” – deyə, müsahibimiz bildirib.
Ekspertin sözlərinə görə, Bakıda xüsusilə mərkəzi və yarım-mərkəzi ərazilərdə yerləşən yeni tikililərə maraq yüksəlib: “Yasamal, Nərimanov, Xətai və Nəsimi rayonları bazarın ən aktiv zonaları sayılır. Bu ərazilərdə həm investisiya məqsədilə, həm də yaşayış üçün mənzil alışı intensivləşib. Alıcılar artıq təkcə kvadratmetrin qiymətinə deyil, layihənin keyfiyyətinə, texniki göstəricilərinə, enerjiyə qənaət imkanlarına və ətraf infrastrukturun inkişaf səviyyəsinə diqqət yetirirlər. Bu isə təbii şəkildə qiymətlərin artım dinamikasına gətirib çıxarır.”
Ekspert qeyd edir ki, 2025-ci ilin sonuna qədər mənzil qiymətlərində mərhələli artım trendi davam edəcək: “Bununla belə artım tempinin iqtisadi əsaslı və bazar balansını qoruyan şəkildə olacağı gözlənilir. Tikinti sektorunda xərclərin yüksəlməsi, torpaq resurslarının məhdudluğu və şəhərsalma tələblərinin sərtləşməsi fonunda mənzil qiymətlərinin sabit şəkildə artması qaçılmazdır. Amma bu, süni deyil, bazar mexanizmlərinin diktə etdiyi təbii prosesdir”.
O hesab edir ki, Bakının mənzil bazarı keyfiyyətli və effektiv layihələrə yönələcək: “Biz qiymət artımını bazarın zəifliyi kimi deyil, onun struktur dəyişikliyinin və keyfiyyət transformasiyasının göstəricisi kimi qiymətləndiririk. Növbəti illərdə əsas diqqət yalnız qiymətə deyil, mənzilin dəyərini formalaşdıran amillərə – keyfiyyət, şəffaflıq və etibar meyarlarına yönələcək” – deyə, İbrahimov fikrini yekunlaşdırır.