Memarlıq abidəsi hesab olunmayan bəzi tarixi tikililərin sökülməsi mümkündür və yolveriləndir. Şəhərdə hər daşdan yapışıb onu qorumaq mümkün deyil.
Tribunainfo.az xəbər verir ki, bu sözləri memar Elçin Əliyev
Mərkəzi Parkın ərazisinin genişləndirilməsi və bəzi binaların sökülməsi ilə bağlı danışarkən bildirib. O qeyd edib ki, paytaxt – canlı orqanizmdir və daim inkişaf prosesindədir. Köhnə memarlıq getdikcə yerini yenisinə verir:
“Şəhər üçün parkların və yaşıllıqların əhəmiyyəti ölçüyəgəlməzdir və onu azı qiymətləndirmək mümkün deyil. Sevindirici haldır ki, bu gün parklar və skverlər şəhərin ayrılmaz hissəsinə çevrilib və ekoloji (təmiz hava, günəşdən qorunma, biomüxtəliflik), sosial-psixoloji (ünsiyyət məkanı, psixoloji sağlamlıq, fiziki aktivlik), iqtisadi (turizm, mədəniyyət, daşınmaz əmlak) və təbii ki, şəhərsalma baxımından (rayonların balanslı inkişafı, «yaşıl» dəhlizlər, şəhər səs-küyündən qorunma) böyük rol oynayır.
Mədəniyyət Nazirliyi və digər dövlət qurumlarının heç bir memarlıq abidəsinin sökülməyəcəyi barədə bəyanatlarına inanmamaq üçün heç bir əsasım yoxdur. Buna qətiyyən şübhə etmirəm: bu gözəl binalara bircə dəfə baxmaq kifayətdir ki, onların hansısa ağıllı adam tərəfindən sökülməsi fikrinin belə, absurd olduğunu anlayaq. Ümumiyyətlə, bu «hər şey söküləcək» məlumatı haradan yayılıb axı?
Hər bir şəhər, xüsusilə də paytaxt – canlı orqanizmdir və daim inkişaf prosesindədir. Köhnə memarlıq getdikcə yerini yenisinə verir – istəsək də, istəməsək də bu belədir. Başqa məsələ isə yeni memarlığın keyfiyyətidir – lakin bu, ayrı müzakirənin mövzusudur. Şəhərdə hər daşdan yapışıb onu qorumaq mümkün deyil. Gələcək Mərkəzi Parkın ərazisinə daxil ediləcək bəzi binalar nə estetik, nə də tarixi baxımdan dəyər kəsb edir və fiziki baxımdan qəzalı vəziyyətdədir. Belə binaların sökülməsi niyə mümkün olmasın? Sadəcə ona görə ki, XIX əsrdə tikilib?
Sabir parkını xatırlayın – bu gün bakılıların sevimli istirahət məkanına çevrilmiş həmin yaşıl guşə bir vaxtlar bir və iki mərtəbəli tikililərlə dolu idi. Bəs o vaxt həmin binalar sökülməməli idi?
Mənim yaradıcı emalatxanam dövlət tərəfindən qorunan memarlıq abidəsi sayılan, Murtuza Muxtarov küçəsi 26 ünvanında yerləşən binadadır. Son illər oradan istifadə edə bilmirəm – çünki taxta konstruksiyalar çürüyüb, bina daim deformasiyaya uğrayır, nəticədə giriş qapısı açılmır – ustaları çağırmaqdan bezmişəm. Günlərin birində bina sadəcə uçacaq. Biz – bu abidə binanın sakinləri arzulayırıq ki, bina sökülsün – çünki başqa çıxış yolumuz yoxdur, əks halda qəfil uçqun nəticəsində həyatımızı itirəcəyik! Bu vəziyyətdə onlarla bina var – yüzilliyin əvvəllərində tikilmiş, illərlə amansızcasına istismar olunmuş və heç bir qayğı görməmiş tikililər.
Ona görə hesab edirəm ki, memarlıq abidəsi hesab olunmayan bəzi tarixi tikililərin sökülməsi mümkündür və yolveriləndir”.
Memar bildirib ki, dövlət qurumlarına çoxsaylı təklifləri var:
“Bu prosesi şəffaf şəkildə həyata keçirmək, komissiyaya əhalinin, ictimaiyyətin və müstəqil ekspertlərin nümayəndələrini də daxil etmək lazımdır. Söküləcək binaların siyahısı əvvəlcədən açıqlanmalıdır. Mütləq ictimai müzakirələr keçirilməlidir. Və yalnız bundan sonra konkret addımlar atılmalıdır”.
Nigar İxtiyarqızı