Payız sindromuna düşməmək üçün psixoloqdan praktik ÜSULLAR

Payız sindromuna düşməmək üçün psixoloqdan praktik ÜSULLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Payızın gəlişi ilə təkcə təbiət deyil, insanların ruh halı da dəyişir. Günlərin qısalması, havanın sərinləşməsi və günəş işığının azalması bəzən insanı səbəbsiz kədərə qərq edir. Bu dövrdə çoxları özlərini yorğun, həvəsiz və emosional olaraq boş hiss edir. Psixoloqlar bu vəziyyəti “payız depressiyası” adlandırır və bildirirlər ki, mövsümi depressiya yalnız əhval deyil, həm də orqanizmdəki bioloji ritmlərin dəyişməsi ilə bağlıdır.

Niyə bu dövrdə insanların əhvalı düşür və bundan necə çıxmaq olar?

Havanın dəyişməsi ilə emosional balansın pozulması — bədəndə və beyində nə baş verir?

Yuxu pozuntuları və yorğunluq hissi – payızda daha çox yaşanırmı, səbəbi nədir?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən yazıçı-psixoloq Elbrus Kəlbiyev bildirib ki,
“Payız depressiyası”nın bir neçə önəmli səbəbləri var. Günəş işığı insan orqanizmində xoşbəxtlik hormonu sayılan sirotonin və yuxu hormonu olan melotoninin yaranmasında böyük rol oynayır. Ona görə də bir çox insanlar günəş işığının az olduğu bu aylarda xoşbəxtlik duyğularını çox az hiss edirlər. Yuxu rejimləri pozulur.

E. Kəlbiyev in sözlərinə görə, yay ayları əsasən istirahətlər, məzuniyyətlər, rahat geyimlər, gözəl gəzintilər və s. bağlı olur. Birdən birə pəncərənin arxasında belə gözəl, işıqlı mənzərənin yağışlı, dumanlı, çiskinli, tutqun bir mənzərəyə dəyişməsi, gərgin iş rejiminin başlanması insanın ruh halını dəyişir. Yorğunluq, halsızlıq, motivasiyanın itməsinə səbəb olur.

Qida məsələsinə də toxunan psixoloq vurğulayıb:

“Soyuq aylarda insanın iştahası çox kolorili xəmir, ət, yağlı yeməklərə tərəf yönəlir ki, bu da öz növbəsində artıq çəki və digər bioloji pozğunluqlar, ürək-damar sistemində problemlər yaradır. Bu vəziyyət isə daha dərin depressiyaya və ağır xəstəliklərə aparır. Payız aylarında orqanizmdə bioloji saat da belə demək mümkünsə düz işləmir”.

Payız depressiyasından çıxmağın yollarını sadalayan E. Kəlbiyev qeyd edib:

“”Payız depressiyası” bir xəstəlik deyil. Keçici haldır. İnsan bu vəziyyətdən çıxmaq üçün aktiv idman növləri ilə məşğul olmalı, ən azından səhər gimnastikasını mütləq etməli, gün ərzində müəyyən müddət piyada gəzməlidir. Təmiz havada çox olmalıdır. Düzgün qida rassionuna riayət etməli, beyninin tələbini rədd edərək çox kolorili yeməklərə üstünlük verməməlidir. Vitamini çox olan qidalara, meyvə, tərəvəzə üstünlük vermək lazımdır. Vaxtında yatmaq, yuxu rejiminə əməl etmək vacibdir. Hobbilər də depressiv vəziyyətə qalib gəlmək üçün çox gözəl vasitədir. İstər fiziki, istər intellektual aktivlik bu vəziyyətlə yaxşı mübarizə üsuludur. İş otaqlarını, evdə olan otaqları mümkün qədər işıqlı etmək lazımdır. Gün ərzində müəyyən qədər sevdiyin şən mahnıları dinləmək, sevimli komediya verilişlərinə baxıb gülmək də mütləqdir. Əgər bütün bunlara riayət edir və depressiv hal həftələr, aylar boyu aradan qalxmırsa, bu “payız sindromu” yox, dərin depressiv haldır. Yəni xəstəlikdir. Bu halda mütləq psixoterapevtə müraciət etmək lazımdır”.

Dəniz Pənahova