Payız-qış mövsümü hansı məhsulların qiymətində artım olacaq və hansı məhsulların qiymətində düşüş gözlənilir?
Bu barədə Tribunainfo.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bütün dünya ölkələrində qiymətlərin dəyişməsi müxtəlif faktorlara əsaslanaraq baş verir. Mövsümi amillər, təbii fəlakət nəticəsində zərər görən sahələrdə məhsulda qıtlıq, ticarətin azalması, qarşılıqlı sanksiyalar qiymət artımına səbəb olan amillərdəndir.
Sosioloqun sözlərinə görə, bizdə isə istisnasız olaraq yalnız birtərəfli dəyişmə baş verir. Həmişə məhsullar bahalaşır. Həm də davamlı və fasiləsiz olaraq. Bu dəqiq, göz qabağında olan bir prosesdir.
“Son bir ildə heyvandarlıq məhsullarının qiymətində 30-50 faiz bahalaşma baş verib. Süd (20-30 faiz) məhsullarında, xüsusən də yağda (40-50 faiz) bahalaşma görürük.
Eyni zamanda ət də 20 faiz bahalaşıb.
Hətta digər məhsullara baxanda mövsümi meyvə-tərəvəzlər, paxlalılar və s. baxmayaraq ki, məhsulun ən çox ortada olan bir dövrüdür amma heç də qiymətlər aşağı düşmədi əksinə bahalaşdı. Ən azı 20-30 faiz bu məhsullarda bahalaşma var.
Konservləşmiş məhsullar, balıq məhsulları, broyler toyuğu da bahalaşmaya daxildir.
Yalnız bir balaca yumurtanın qiymətində bir neçə qəpik ucuzlaşma müşahidə olunub.
Bu bahalaşmanın çoxu süni, əsassız bahalaşmadır. Bəzi bahalaşmalar isə xarici faktorlardan asılıdır. Monopoliya, idxaldan asılılığımız böyük rol oynayır. Ortalama 50 faiz idxaldan asılıyıq. Bəzi məhsullarda isə 70, 80, 90 faiz civarında idxaldan asılıyıq. İdxaldan asılı olduğumuz məhsulların bahalaşması da təbii səbəbdən deyil. Çünki həmin məhsullar o ölkələrdə bahalaşmayıb. Daxili problemlərə gəldikdə isə aqrar sektorda tənəzzül gedir, məhsul istehsalı həm heyvandarlıqda həm bitkiçilikdə də azalır.
Mən düşünürəm ki, bundan sonra da ölkədə istehsal getdikcə azalacaq, idxaldan asılılığımız artacaq və bahalaşma davamlı artacaq. Xüsusilə də ət dayanmadan bahalaşacaq”.
Dəniz Pənahova