Paşinyanın dediyi “Qarabağ əvəzinə Mehri” təklifi 1999-cu ildə deyil, 1945-ci ildə dilə gətirilib. Onun qeyd etdiyi ərazi mübadiləsi məsələsi əslində 80 il əvvəl müzakirə edilib.
Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev Ermənistan Baş naziri Nikol Paşinyanın ölkənin İctimai televiziyasına verdiyi müsahibədə Mehri Azərbaycana, Qarabağ isə Ermənistana birləşdiriləcəkdi fikirləri ilə bağlı danışarkən deyib.
Ekspert bildirib ki, Paşinyanın qeyd etdiyi məsələ qərəzlidir və heç bir halda Azərbaycan Mehri qarşılığında Qarabağı güzəştə getməzdi:
“Ərazi baxımından Mehri Qarabağdan çox kiçikdir. Digər tərəfdən, iki ərazinin strateji və təbii sərvət üstünlüyü eyni dərəcədə deyil. Azərbaycan ən yaxşı halda Kəlbəcər və DQMV-ni güzəştə gedə, lakin əvəzində Zəngəzurdan eyni ölçüdə torpaq istəyərdi.
Nəticə etibarilə bütün bu təkliflər və tarixi faktlar geridə qalıb. Artıq yeni reallıqlar var və rəsmi Bakı daha üstün mövqedədir. Belə olan təqdirdə Ermənistanın tək seçimi yekun sülh müqaviləsini imzalamaq və ya bu istiqamətdə danışıqları davam etdirməkdir”.