Erməni mediası və siyasət adamları son günlərin ən çox müzakirə olunan məsələsini, Zəngəzur dəhlizinin açılmaması səbəbləri ətrafında geniş müzakirələr aparırlar. Tribunainfo.az xəbər verir ki, böyük əksəriyyət problemin baş nazir Nikol Paşinyandan qaynaqlandırğını bildirirlər.
Ekspert Tatul Mkrtçyan deyir ki, Paşinyanın ikili oyunu nəticəsində yol məsələsi yubanır. “Ermənistan bu yol münaqişəsinin ortasındadır. İki daşın arasında qalan Nikol Paşinyan “Sülh yollarının kəsişməsi” ideyasını irəli sürərək, hər kəsin maraqlarını təmin etməyə çalışır”.
O bildirir ki, Paşinyan bir tərəfdən Rusiya və İranın könlünü almaq üçün Şimal-Cənub dəhlizini dəstəklədiyini bildirir. “Digər tərəfdən, Çinin dəstək verdiyi Orta Dəhliz layihəsini tərifləyir və ona tərəfdar olduğunu göstərir. Bir başqa tərəfdən də, Qərbin dəstəklədiyi, lakin Çin və Rusiyadan yan keçən nəqliyyat dəhlizi mövzusunda aktiv iştirakçı kimi çıxış edir. Elə bu səbəbdən də ortalıqda qalıb, nə edəcəyini bilmir”.
Tribunainfo.az bildirir ki, ekspert Davit Mkrtçyan da təxminən eyni fikirdədir. Sadəcə, o vurğulayır ki, Paşinyanın “sülh kəsişməsi” layihəsi blefdir. “O’Brayen də etiraf edib ki, Paşinyanın “sülh kəsişməsi” layihəsi Ermənistan xalqını çaşdırmaq və aldatma üçün vasitəsidir”.
O daha sonra deyib ki, Paşinyanın Zəngəzur dəhlizinə qarşı “qəhrəmancasına mübarizəsi”nin əslində bir məqsədi var: “O dəhlizə Rusiyanın deyil, Türkiyənin nəzarət etməsinə çalışır”.