PAŞİNYAN ZƏNGƏZUR DƏHLİZİNİ AÇMAĞA HAZIRDIR, BİR ŞƏRTLƏ… – PƏRDƏARXASIbackend

PAŞİNYAN ZƏNGƏZUR DƏHLİZİNİ AÇMAĞA HAZIRDIR, BİR ŞƏRTLƏ… – PƏRDƏARXASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla Azərbaycan arasındakı problemlərin kökündə Zəngəzur dəhlizi məsələsi durur. Hazırda Laçın yolunun bağlanması da bu məsələdən qaynaqlanır. Ermənistan Azərbaycanın “Zəngəzur dəhlizi” dediyi xətti açmağa hazırdır. Yəni bu xəttin açılması ilə bağlı heç bir problem yoxdur. Problem ondadır ki, bu xətt hansı statusda olacaq.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli çıxış edib. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi belədir ki, bu xətt dəhliz statusunda olmalıdır. Bu xəttə isə 2020-ci il noyabr anlaşmasına əsasən Rusiya nəzarət etməlidir:

“Üçtərəfli müqaviləyə əsasən Ermənistan zabitləri ən azı bu yoldan 2.5 km. uzaqlıqda olmalıdır.
Rəsmi Bakı deyir ki, Ermənistan bu xəttin dəhliz olmasına şifahi şəkildə razılıq verib. Ermənistan isə bu iddianı Nikol Paşinyanın dili ilə “absurd” adlandırır.
Məntiq isə onu deyir ki, əgər Ermənistan zabiti bu yoldan 2.5 km. uzaqda olmalıdırsa, deməli, bu xətt dəhliz statusundadır. Yoxsa nədən belə bir məqam razılaşmada özünə yer alsın ki?


Ermənistan istəyir ki, Zəngilandan çıxan və Naxçıvana daxil olan dəmir yoluna və şoseyə özü nəzarət etsin. Ən pis halda isə Rusiya ilə birlikdə nəzarəti həyata keçirsin. Ermənistan iddia edir ki, sənəddəki “maneəsiz keçid” ifadəsi qətiyyən o anlama gəlmir ki, bu yola Ermənistan nəzarət etməməlidir. Başqa sözlə desək, Ermənistan söz oyunu ilə vəziyyətdən çıxmağa çalışır, elə bu səbəbdən də cığallıq edir.
Bu məsələyə münasibətdə Rusiya ilə Azərbaycanın və Türkiyənin maraqları üst-üstə düşür”.

E.Həsənli hesab edir ki, Qərb də bu yolun açılmasında maraqlıdır. Ancaq Qərb bu yola Rusiyanın nəzarət etməsini istəmir:

“Ümumiyyətlə, Qərb Rusiya “sülhməramlıları”nın da Qarabağdan çıxarılmasına tərəfdardır. Rusiyanın Cənubi Qafqazdan qovulması isə Qərbin ən böyük arzusudur. Qərb istəyir ki, Ermənistandan keçən yola Ermənistan nəzarət eləsin. Bu isə dolayısı ilə bu yola Qərbin nəzarət etməsi anlamına gəlir. Bu yanaşma təkcə Rusiyanı yox, elə Türkiyəni də qane etmir. Hələ Çin də var…

Müvafiq olaraq bu yola nəzarət məsələsində Qərbin dəstəyini alan Ermənistan bərk dayanıb və geri çəkilməkdən qəti şəkildə imtina edir. Ermənistan ümid edir ki, Azərbaycana təzyiq vasitəsi ilə Laçın yolunun dəhliz statusu yenidən bərpa olunacaq. Ermənistan isə Azərbaycana Zəngəzur dəhlizi verməkdən Qərbin köməyi ilə yayına biləcək…
Bir məqam da var: Son günlər Ermənistan nümayişkaranə şəkildə Laçın yolunun bağlanması məsələsi ilə bağlı müzakirələrdən kənarda durur. Rəsmi İrəvan bunu onunla izah edir ki, bu yolun əvəzində Bakı Zəngəzur dəhlizini tələb edə bilər. Ermənistan üçün isə bu, məqbul deyil…

Məsələ belədir ki, “Zəngəzur dəhlizi”nə nəzarət uğrunda dünya gücləri arasında mübarizə gedir. Xüsusən, Çin bu xəttə Qərbin nəzarət etməsini istəmir.

Sözümün canı o ki, Ermənistan və Azərbaycan böyük güc mərkəzlərinin təsiri və təzyiq altındadır. Mən əminəm ki, rəsmi İrəvan və rəsmi Bakı iki ölkə arsındakı problemləri qarşılıqlı güzəşt əsasında həll edə bilərlər. Ancaq böyük dövlətlər buna imkan vermirlər. Xüsusən, Ermənistan son dərəcə zəif ölkə olduğuna görə ona təzyiqlər daha güclüdür. Ermənistan yaxşı başa düşür ki, Rusiyadan yarımayıb, Qərbə də arxa çevirsə, batıb gedəcək”.