Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında bəyan etmişdi ki, onlar Zəngəzur dəhlizinin açılmasına ümumilikdə etiraz etmirlər. Tribunainfo.az xəbər verir ki, həmin açıqlamasında Paşinyan vurğulamışdı ki, dəhliz yol məntiqi ilə açılmalı və Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yol özəl şirkət tərəfindən qoruna bilər. Qeyd edək ki, Zəngəzur dəhlizinin açılmasını Azərbaycan tələb edir. Məqsəd Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında nəqliyyat-kommunikasiyaların açılmasıdır. 10 noyabr 2020-ci il Azərbaycan-Ermənistan-Rusiya razılaşmasında isə qeyd edilir ki, həmin dəhlizin təhlükəsizliyinə Rusiya FTX-nin Sərhəd Xidməti təmin etməlidir. Tribunainfo.az xəbər verir ki, bu gün Ermənistan XİN-i Zəngəzur dəhlizinin özəl şirkət tərəfindən qorunması məsələsi barədə açıqlama verib. Nazirlik bildirib ki, gələcək Naxçıvan-Zəngəzur-Azərbaycan dəhlizinin təhlküəsizliyinin təmin edilməsinin özəl şirkətə verilməsi məsələsinin Bakı ilə müzakirə olunub-olunmamasını şərh etmir. “Ermənistan Respublikası suverenliyə və milli yurisdiksiyaya hörmət, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında qurulmuş baxışa əsaslanaraq regional nəqliyyat-kommunikasiyaların açılması prosesində konstruktiv şəkildə iştirak edir”. Xatırladaq ki, bir qədər əvvəl politoloq Sergey Melkonyan bəyan etmişdi ki, XİN başçıları səviyyəsində son görüşdə Ermənistan və Azərbaycan gələcək kommunikasiyalara nəzarətin beynəlxalq özəl mühafizə şirkətinə verilməsi imkanını müzakirə ediblər.