Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Xocalı şəhərinə səfər edən zaman çıxışında “Ermənistanın Xocalı hadisələrini soyqırım kimi tanımalıdır” bəyanatını verib. Tribunainfo.az bildirir ki, dövlət başçısı ermənilərin Xocalıda soyqırım törətdiklərinin təsdiqləndiyini, bununla bağlı kifayət qədər faktların olduğunu qeyd edib.
Ermənistan tərəfi Prezidentin bu açıqlamasını sülh danışıqlarının növbəti şərti kimi qəbul edib. Onlar hesab edirlər ki, Azərbaycan sülh danışıqları prosesində davamlı olaraq şərt irəli sürür.
“Oragir.News” saytı isə İrəvanda “Nikol Paşinyan Xocalıdakı hadisələri soyqırım kimi tanıyacaqmı” sualı ilə sorğu keçirib. Respodentlərin böyük əksəriyyəti bildirib ki, nə olursa olsun, Paşinyan Xocalı hadisələrini soyqırım kimi tanımayacaq.
Bəzi respodentlər isə “Paşinyan dəli deyil ki, bu hadisəni soyqırım kimi qəbul etsin” reaksiyasını veriblər.
Qeyd edək ki, Ermənistan tərəfi hər nə qədər inkar etsələr də, Xocalıda soyqırım törətdiklərindən nə boyun qaçıra bilərlər, nə inkar etmək imkanları var. Çünki bu faktdır, elə həmin soyqırım prosesində iştirak etmiş şəxslərin də videomüsahibələri olan etirafları mövcuddur.