Ermənistan Rusiya telekanallarının yayımına qadağa qoymağa hazırlaşır. Artıq bu istiqamətdə addımlar atılacağı görünməkdədir. İki ölkə arasında münasibətlər pisləşdikcə, öz təsirini müxtəlif müstəvilərdə ehtiva edir. Əgər Paşinyan rus TV-lərinin yayımını blok etdirsə, o zaman Moskva-İrəvan əlaqələri qaranlıq tunelə daxil olacaq. Tribunainfo.az-a danışan siyasi ekspertlərin sözlərinə görə, Rusiyanın Birinci kanalında Paşinyanın təhqir olunması, 1 milyonluq saat qalmaqalı hadisələri tətikləyən faktor oldu. Erməni analitik Qagik Kamalyan deyib ki, xarici siyasətimizi şaxələndirə bilməsək, Rusiya ilə heç vaxt sağlam münasibətimiz olmayacaq.
Ermənistan mediasında Rusiyanın Ermənistanı növbəti Ukraynaya çevirəcəyi ilə bağlı xəbərlər yayılır. Hətta Rusiyada bəzi deputatlar açıq şəkildə Ermənistanın Rusiyanın quberniyası olacağını bildirir. Rusiya dövlət yayımçılarının yol verdiyi qanun pozuntuları Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin diqqət mərkəzindədir. Departamentin rəhbəri Robert Xaçatryan bu barədə Milli Assambleyanın iclasında hökumət saatında deputatların suallarını cavablandırarkən bildirib.
Deputatlar xüsusilə xatırladıblar ki, ER Televiziya və Radio Komissiyası əvvəllər Rusiya televiziya kanallarının Ermənistan Respublikası ərazisində yayımı haqqında sazişin şərtlərinin pozulması faktlarını aşkar edib.
“Bu razılaşma Rusiya tərəfində 2023-cü ilin martında qüvvəyə minib. İndi dəqiq günü deməyəcəm. Yəni hələ məsləhətləşmələrə vaxt yox idi”, – Xaçatryan izah edib.