Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsi və Ermənistanın daxilində yaranmış vəziyyətlə əlaqədar yeni “yol xəritəsi”ni açıqlayıb. TİA.AZ xəbər verir ki, erməni baş nazir bununla bağlı özünün Facebook hesabında məlumat yayıb.
O yazıb ki, artıq mövcud vəziyyətdən çıxmağın yolları, metodları və proqramları barədə danışmağın vaxtı çatıb. Paşinyan hazırkı vəziyyətə görə, özünü bir nömrəli cavabdeh hesab edir. “Vəziyyəti aradan qaldırmaq və ölkədə sabitlik və təhlükəsizlik yaratmaq üçün də məsuliyyət daşıyıram. Bu məsuliyyətdən nəinki vaz keçməyəcəyimi, əksinə bu işdə tam iştirak etdiyimi vurğulayıram”.
TİA.AZ xəbər verir ki, erməni baş nazirin açıqladığı “yol xəritəsi” 15 bənddən ibarətdir. Orada təkcə, Qarabağa deyil, Ermənistana da aid xeyli məsələlər var. Paşinyan ilk hədəfinin Qarabağın statusu və orada yaşayan ermənilərin yaşayış yerlərinə qayıtma prioritetidir. “Hədəfimiz ATƏT-in Minsk Qrupu həmsədrliyi formatında Qarabağ məsələsi üzrə danışıqlar prosesinin yenilənməsidir”.
Bundan başqa o, ermənilərin Qarabağa qayıtmasını, normal həyatın tam bərpasını, “Dağlıq Qarabağ rəhbərliyinin nəzarəti altında” olan ərazilərdə zədələnmiş evlərin, mənzillərin, infrastrukturların bərpasını təmin etməyi hədəflədiklərini vurğuıayıb.
Paşinyan Qarabağda ölən hərbçilərin ailələri və vətəndaşlar üçün sosial təminatların verilməsini, əlil olmuş hərbi qulluqçular üçün sosial təminat, protez prosesi və peşə hazırlığı prosesinin start götürməsini, əsir götürülmüş əsgərlərin və mülki şəxslərin dərhal geri qaytarılması, ailələrinə sosial təminatların verilməsini, habelə itkin düşənlərin taleyinin dərhal aydınlaşdırılması və ailələrinə sosial təminat verilməsini vacib hesab edib.
Ermənistanın baş naziri bildirib ki, bu “yol xəritəsi”ni reallaşdırmaq üçün ona 6 ay vaxt lazımdır. “Bu məqsədlə hökuməti yeniləyəcəyəm. Bu tədbirlərin həyata keçirilməsinin davamlılığı üçün altı ay vaxt lazımdır. 2021-ci ilin iyun ayında yol xəritəsinin icrası ilə bağlı bir hesabat təqdim edəcəyəm, nəticələrinə əsasən ictimai rəy və reaksiya nəzərə alınaraq sonrakı addımlar barədə qərar veriləcək”.