“Paşinyan üç şərti irəli sürdü, həmin bəndləri Azərbaycan da təklif edib. Ona görə sülh sazişi üçün əngəl qalmır. Bundan sonra sənədin harada imzalanması mübahisəli olacaq. Rusiya və Qərb masaları, hər ikisi rəqabət aparır. Bizə isə fərq etmir, lap Afrikada imzalansın, təki Paşinyan Qarabağın Azərbaycana aid olduğunu sənəddə təsdiqləsin və tarixi böyük sülh müqaviləsi bağlansın” – Tribunainfo.az-a danışan siyasi ekspert Ramiyə Məmmədova belə deyib. Onun sözlərinə görə, Avropa İttifaqı son prosesdə balansı pozdu, Qranada görüşü də bu səbəbdən baş tutmadı. Ekspert hesab edir ki, belə olan halda Qərb platformasında danışıqlar hələlik perspektivli görünmür: “Ərdoğanın təklif etdiyi 2+2 formatı var. Bu formatda sülh danışıqları nəticə verə bilər. Amma Ermənistan razılaşacaqmı, Fransa imkan verəcəkmi, mürəkkəb görünür”.