Dünən Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı açıqlama verib. Tribunainfo.az xəbər verir ki, o, bunun artıq zərurət olduğunu bildirib.
O deyib ki, yeni konstitusiya Ermənistan üçün vacibdir. “İndiyə qədər qəbul edilmiş konstitusiyalar bitkin deyil və legitimlik imkanlarını məhdudlaşdırır. Ona görə də, ümumi referendum yolu ilə yeni sənəd qəbul edilməlidir”.
Paşinyan Ermənistanın hansı ərazidə yerləşdiyini və başqa ölkələrin torpaqlarında gözlərinin olmadığını da vurğulayıb. “Ermənistanın ərazisi 29 min 378 kv.km-dir. Bizim başqalarının torpağında gözümüz yoxdur. Bu ərazidə xalqımızı xoşbəxt etmək düşüncəsindəyik”.
Lakin onun açıqlamaları Ermənistan siyasi dairələrə tərəfindən birmənalı qarşılanmayıb. Türkoloq Varujan Qeqamyan deyib ki, Paşinyanın yeni konstitusiyadan danışdığı bir vaxtda, Prezident Əliyev Xankəndidə erməniləri tənqid edirdi. “Əliyev bu gün Qarabağda bütün günü erməni əleyhinə çıxışlar edib. Eyni zamanda Ermənistanın baş naziri “birdən” Azərbaycan və Türkiyənin az qala hər gün tələb etdiyi Konstitusiyaya dəyişiklikləri elan edir”.
O iddia edir ki, Konstitusiyaya dəyişikliklərin məqsədi ikidir: “Birincisi, Türkiyə və Azərbaycanın daha bir tələbi yerinə yetirilir. İkincisi, Konstitusiya dəyişiklikləri bahasına öz səlahiyyətlərini bir az daha uzatmağa çalışır”.
Erməni politoloq Akop Badalyan də onunla eyni fikirdədir. O deyib ki, Paşinyanın yeni Konstitusiyanın qəbulu üçün referendum keçirilməsi təklifi Azərbaycanın tələbini yerinə yetirməkdir. “Əsl Ermənistan haqqında söhbət Azərbaycanın tələbinin “ideoloji qablaşdırması”ndan başqa bir şey deyil”.