“9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Ermənistan ərazisindən keçəcək nəqliyyat yollarının təhlükəsizliyinin təmin edilməsi funksiyası Ermənistan Respublikasına həvalə edilib”. Tribunainfo.az yazır ki, bu iddia ilə Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib. Amma baş nazir yola nəzarətin Rusiyada olması ilə bağlı sənəddəki razılaşmanı yada salmaq istəməyib. Paşinyan doğru deyir, təhlükəsizliyi Ermənistan təmin etməlidir, amma yola kontrol Rusiya Federal Təhlükəsizlik Xidmətində olmalıdır, buna da qol çəkib. Onun çıxışı Paşinyanın sənədi təhrif etməsi kimi dəyərləndirilir. Lakin belə deyil, sadəcə, erməni baş nazir təhlükəsizliklə bağlı hissəni qeyd edib, nəzarət haqda heç nə deməyib və üstündən keçib. Bu da ondan irəli gəlir ki, hər məsələdə Rusiyaya yarınan Ermənistan hakimiyyəti Qərbin himayəsi ilə dəhlizə kontrolu ruslara vermək istəmir.
Üçtərəfli bəyanatın 9-cu maddəsində yazılıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.
Hikmət