Ermənistanın baş naziri Nikol Paşinyan Demokratiya naminə ikinci Sammitin rəsmi açılışının plenar iclasında iştirak edib. Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilən sammit onlayn rejimdə keçirilir.
Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, İkinci Demokratiya Sammitində 100-dən çox ölkənin liderləri, vətəndaş cəmiyyəti və beynəlxalq demokratik institutların nümayəndələri iştirak edir.
Tədbirin birgə ev sahibliyi edən ölkələr Amerika Birləşmiş Ştatları, Kosta Rika, Hollandiya, Koreya Respublikası və Zambiyadır. Plenar iclas bu ölkələrin rəhbərlərinin salamları ilə başlayıb. BMT-nin Baş katibi Antonio Quterreş də açılış nitqi ilə çıxış edib.
Sammit çərçivəsində tematik panel müzakirələrinin keçirilməsi planlaşdırılır: 2021-ci ildə demokratiya üzrə birinci sammitin öhdəliklərinin yerinə yetirilməsi; Demokratiya və Demokratik Dəyərlərə Çağırışlar; İdarəetmənin hesabatlılığının təmin edilməsi, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, mətbuat azadlığı, inklüziv iqtisadi artım və s.