“Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünü Paşinyanın köməkçisi kimi aparır. Onun Qazaxın işğal altında olan kəndləri barədə mövqeyi İrəvanın xoşuna gəlmək üçün deyilib. Əgər cənab Klaar iş yerini dəyişibsə, açıq elan etsin. Əks halda, Avropa İttifaqı adından işğala bəraət qazandırmış olur”.
Bu fikirləri “Müstəqil Həmkarlar” İctimai Birliyinin sədri, prezidentliyə keçmiş namizəd Fuad Əliyev deyib. Onun sözlərinə görə, Klaardan fərqli olaraq, Paşinyan daha obyektiv mövqe tutur: “Ermənistan hökumətinin başçısı Tavuş bölgəsinə gedərək sakinlərə izah etdi ki, o kəndlər bizim deyil, delimitasiya çərçivəsində qaytarmalıyıq, yoxsa müharibə olacaq. Yəni baş nazir etiraf edir ki, 4 kənd Azərbaycanın ərazi bütövlüyünə daxildir, amma Toivo Klaar tərsinə danışır. Bu adama nə düşüb?”
Qeyd edək ki, rəsmi Bakı da cavab verib. “Cənab Toyvo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur”.
Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X”dəki hesabında yazıb.
A.Hacızadə qeyd edib ki, sözügedən kəndlər ərazi mübahisəsi məsələsi deyil.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar qərəzli bəyanatla çıxış edib. O, Azərbaycanın mətbuatında Ermənistana qarşı xəbərdarlığı “qəbuledilməz” adlandırıb.