İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin ən böyük holdinqlərindən biri olan “Paşa Holdinq”in tərkibində fəaliyyət göstərən “Caspian Entertainment Company” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci maddəsinə əsasən protokol tərtib edib. Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Caspian Entertainment Company” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Belə ki, “Caspian Entertainment Company” MMC əyləncə mərkəzində uşaqlar üçün giriş haqqını qiymət cədvəlində göstərilən məbləğdən baha hesablayıb.
Onu da bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci maddəsinin tələbinə görə hüquqi şəxslər xidmətin hesabına dair istehlakçıları az miqdarda aldatdıqlarına görə 4 min manatdan 6 min manatadək məbləğdə cərimə edilirlər.
Qeyd edək ki, hazırda “Caspian Entertainment Company” MMC aşağıdakı uşaq əyləncə mərkəzlərinə nəzarət edir:
“Amburan Kids”
“Kinderland”
“Deniz Karting Baku”
“Bumblebee Preschool”
“Laser Tag”
“Dəniz Mall”da “Slide”lər
“Kinderland Shuvelan Mini”
“Macəra Adası” (Şüvələn q.)
“Kid City” (“Crescent Mall”da)
“Hello Park” (“Crescent Mall”da)