İctimai nəqliyyatda son illərdə bir neçə dəfə qiyməti artırıblar, bu keyfiyyəti yüksəltməyib. Qiymət artımı bacarıqsız idarə etmənin, qeyri-şəffaf xərcləmələrin, vətəndaşa yük etməkdir, başqa anlamı, məramı yoxdur.
Tribunainfo.az xəbər verir ki, bu fikirləri REAL Pariyasının sədri, iqtisadçı Natiq Cəfərli ictimai nəqliyyatda gediş haqqının 10 qəpik artırılması ilə bağlı danışarkən deyib. O bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə gediş haqqını 20% artırıb.
Əvvəllər belə qərarları Tarif Şurası verirdi, indi nazirlik qiymətləri artırıb:
“Bu dəfə nazirliyin məsuliyyəti öz üzərinə götürməsi yaxşıdır.
Nazirliyin açıqlaması isə insanı əsəbləşdirir-
sitat: “İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqlənib”.
İctimai nəqliyyatda son illərdə bir neçə dəfə qiyməti artırıblar, bu keyfiyyəti yüksəldibmi – təbii ki, yox. Qiymət artımı bacarıqsız idarə etmənin, qeyri-şəffaf xərcləmələrin, vətəndaşa yük etməkdir, başqa anlamı, məramı yoxdur. İstənilən sahədə rentabellik olmadıqda ilk görüləcək iş xərcləri azaltmaqdır, bizim hökumətin “məntiqində” isə ilk addım qiymətləri artırmaq olur. Daha bir maraqlı məqam budur ki, nəğd ödənişlərdə qiymət artmayıb, deməli, nazirliyin nəğd ödənişlərdə öz marağı var, bu yolla nəğd ödənişlər təşviq edilir”.
Partiya sədri bildirib ki, son 15 ildə 55 dəfə ictimai nəqliyyatda gediş haqqı ilə bağlı təkliflər veriblər:
“Ödənişin zamana bağlı olmasının doğruluğunu sübut etmişik: saatlıq-günlük-aylıq-illik biletlər olmalıdır, zaman artıqca da qiymət enməlidir.
Kimə deyirsən, mədəni yanaşmanı qəbul etmirlər, bildikləri yol, vətəndaşı yükləməklə öz problemlərini həll etmək yoludur”.
Gülşən Rəsul