Bu gün AYNA rəsmi xəbər yayıb və bunu “yenilik” adlandırıb. Başlıq: “Avtobusların nə vaxt gələcəyini əvvəlcədən biləcəyik – YENİLİK”.
Xəbərdə o da deyilir ki, AYNA ictimai nəqliyyatda nağdsız ödənişin tədbiq olunmasına hazırlaşır. Daha bir sitat: “Bu yenilik ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək”.
AYNA-nın “yenilik” deyib sevinc göz yaşları tökdüyü məsələ 2011-ci ildə tədbiq edilmişdi.
Tribunainfo.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri Natiq Cəfərli bildirib. O qeyd edib ki, o zaman “Nəqliyyatın İntelektual İdarəetmə Sistemi” adlı qurum yarıdılmışdı və təxminən, 100 mln. manat, o zamankı məzənnə ilə 125 mln. dollardan çox vəsait xərclənmişdi:
“Həmin sistemin açılışı zamanı qurum rəsmi məlumat yaymışdı, məğzi də o idi ki, Nəqliyyatın İntellektual İdarəetmə Sistemi, yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksi olacaq.
Dayanacaqlarda quraşdırılan monitorlar vətəndaşların zamana qənaət etməsinə imkan verəcək, nəqliyyat vəsitələrinin dayanacağa yaxınlaşma zamanını dəqiq göstərəcək. Bundan başqa, nəqliyyatda nəğdsiz ödənişlərin tədbiqinə start veriləcək.
Hə, bəs nə oldu bu suppppper intellektual sistemə, nə ilə yadda qaldı?! Deyim də, ən yadda qalan məsələ, bu sistemi quran, idarə edən məmurların varlanması və bir də dayanacaqda -55 dərəcə şaxta olduğunu göstərən monitor oldu. Sonra nə həmin dayanacaqlar qaldı, nə də monitorlar, 125 mln. dollar da “intellektual” məmurlara (layihənin kuratoru Ziya Məmmədov idi) yem oldu.
Bu sistem necə “uğurlu” oldusa, AYNA da eyni “uğur” qazanacaq – çünki, o zaman da ictimayyəti, mütəxəssisləri dinləmədilər, indi də öz bildiklərini edirlər. 15 il əvvəl nəticəsiz işi təkrarlamağa çalışıb, bunun adını “yenilik” qoymaq ayıbdır”.
Gülşən Rəsul