Yeni İl bayramına sayılı günlər qalıb. Maraqlıdır, siyasətçilər, partiya sədrləri nə planlar qurublar, Yeni ili harada qeyd edəcəklər? Tribunainfo.az partiya sədrlərinin bayram planları ilə bağlı keçirdiyi sorğunu təqdim edir:
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı: “Bu il Azərbaycan tarixində elə bir ildir ki, uzun illərdən sonra bütünləşmiş, işğalda olan torpaqlarımızın hər qarışının azad olduğu bir şəkildə Yeni ili qeyd edəcəyik. Harada olmağımızdan asılı olmayaraq, bu bayram bir başqa ab-havada keçəcək. Mənim üçün Yeni il indi o qədər də əhəmiyyətli deyil.
Çünki Şuşanı azad və abad görmək də mənim üçün yeni bir bayram oldu, Xankəndinin azadlığı, böyük futbol yarışının keçirilməsi də həm mənim üçün, həm o stadiona toplaşanlar, ora getmək istəyib gedə bilməyənlər üçün böyük bir bayram oldu. Yəni Yeni il bayramından da böyük, nəhəng bir bayram… Bayrama hələ günlər qalıb, ancaq bütün azərbaycanlıların hamısının ürəyində böyük bir bayram coşqusu yaşanır”.
S.Rüstəmxanlı qeyd edib ki, yaşı ilə əlaqədar bu il bayramı evində, ailəsi ilə birgə keçirəcək: “Bəlkə rayonumuza gedib havamızı dəyişərik. Ancaq mən indi səs-küylü yerlərdə çox da vaxt keçirə bilmirəm. Məni elə yerlər darıxdırır, sıxır. Bu yəqin ki, yaşımla əlaqədardır. Möhtəşəm bir Azərbaycan tarixi yaşayırıq. Bu il bütün azərbaycanlılar üçün əbədi yaşayacaq, əbədi xatırlanacaq bir il oldu”.
AĞ Partiya başqanı Tural Abbaslı: “Yeni illə bağlı xüsusi planım yoxdur. Yeni il bayramını xüsusi qeyd edənlərdən deyiləm, düzü. Bizdə bu bayram canfəşanlıqla qeyd edilən gün deyil. Ona görə də xüsusi planımız yoxdur. Yəqin ki, elə Bakıda olacağıq və gündəlik iş rejimimizə davam edəcəyik. Qeyri-adi bir plan qurmamışıq. Düzü, bundan əvvəlki Yeni il bayramlarında da, təqvimin dəyişmə günlərində xüsusi bir planım olmayıb heç vaxt”.
Böyük Azərbaycan Partiyasının sədri, Prezidentliyə namizədliyi irəli sürülən Elşad Musayev: “Biz hazırda Yeni ildən çox, qatıldığımız qarşıdan gələn növbədənkənar prezident seçkisinə hazırlaşırıq. Seçki hazırlıqları ilə bağlı gedəcək elə də yerimiz yoxdur. Bakıdayıq, uzağı Azərbaycanın bölgələrinə gedə bilərik. Xaricə getmək kimi bir fikrimiz yoxdur. Vətəndə, evimizdə, öz ailəmizlə birgə Yeni ili qarşılayacağıq”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də ailəsi ilə birlikdə ölkədə bayramını qeyd edəcək: “Xaricə, başqa harasa getməklə bağlı hələlik bir planımız yoxdur. Bilirsiniz ki, Milli İstiqlal Partiyası qarşıdan gələn növbədənkənar prezident seçkisində müşahidəçi qismində iştirak edəcək.
Həmin o bazanın formalaşması və əlavə olaraq bəzi işləri görməyi planlayırıq. Dünən də görəcək işlərimizi, planlarımızı dəqiqləşdirmişik. Belə planlayırıq ki, Yeni ilin iki gününü hər kəs öz ailəsiylə birgə qeyd etsin. Ancaq qalan günlər iş başında olacağıq. Bayramı da Bakıda, ailə üzvlərimizlə qeyd edəcəyik”.