Bu gün yeddinci çağırış Milli Məclisin birinci sessiyası başlayıb. Milli Məclisin sədri Sahibə Qafarova ilk iclası giriş sözü ilə açıb. Daha sonra millət vəkilləri iclasda müxtəlif təkliflərlə çıxış ediblər.
Tribunainfo.az xəbər verir ki, deputat Siyavuş Novruzov müəllimlərlə bağlı təklif irəli sürüb və Elm və təhsil komitəsindən bu məsələyə baxılmasını xahiş edib:
“Hərə bir telefonu götürüb müəllimi çəkir. Müəllim bizə elm öyrədəndir. Valideynlər müəllim övladlarına bir kəlimə deyən kimi üstünə gedir. Onun işdən çıxarılmasına qədər proses gedir. Bu bizim təhsilimizə zərərdir. İndi müəllimdir də, nəsə sözü düzgün formada deməyə bilər. Elm və təhsil komitəsindən bu məsələyə baxmasını xahiş edirəm”.
Deputat Fazil Mustafa isə xarici agentlər əleyhinə qanuna bizdə də baxılması təklifini verib:
“İndi daha topla, tüfənglə yox, “TikTok” kimi şəbəkələrdə söyüşlü danışan, özlərinə uyğun adamlar ortaya atırlar. Xaricdə müxalifət adlandırılanlar ölkə başçısından tutmuş hamıya söyüş söyürlər. Bunlar da əslində xarici agentlərə aid olan məsələdir. Gürcüstanda qəbul olunan xarici agentlər aleyhinə qanunauyğundur. Belə bir məsələyə biz də baxmalıyıq”.
Millət vəkili Zahid Oruc isə qanunvericilik sistemimizin Qarabağın azadlığından sonrakı vəziyyətə uyğunlaşdırılmasının vacibliyindən danışıb. Depurar bildirib ki, qanunlarımız işğalın mirasından azad edilməlidir:
“Azərbaycan Respublikasının qanunvericilik aktlarında, o cümlədən bir sıra dövlət orqanlarının və qurumlarının nizamnamələrində “Dağlıq Qarabaq”, “işğal edilmiş ərazilər” və s. ifadələr, adlar hələ də qalmaqdadır. Ərazilərin işğaldan azad olunmasından və Azərbaycanın bütün ərazilərində de-fakto yurisdiksiyasının bərpasından sonra həm Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq normalarla bağlı bəyanat və qeyd-şərtlərin (işğal olunmuş ərazilərə münasibətdə) ləğvi və milli qanunvericilik aktlarında, qeyri-normativ hüquqi aktlarda düzəlişlərin edilməsi zərurəti vardır. Onların ləğv edilməsi ilə bağlı qanun layihələrini hazırlayaraq, Milli Məclisə təqdim etməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının de-fakto yurisdiksiyası tam təmin olunduğu və şəraitin əsaslı surətdə dəyişməsini nəzərə alaraq, müvafiq beynəlxalq razılaşmalarla bağlı verilən bəyanat və qeyd-şərtlərə dair qanunlara yenidən baxılması zəruridir”.
Deputat Aydın Mirzəzadə isə təklif edib ki, Milli Məclislə Naxçıvan Ali Məclisinin birgə iclasları keçirilsin. O, Azərbaycan Milli Məclisinin üzvlərinin Naxçıvan Ali Məclisindəki iclaslarda, Naxçıvan Ali Məclisinin üzvlərinin də Milli Məclisin iclaslarında iştirak etməsini təklif edib.
A.Mirzəzadə Seçki Məcəlləsinə dəyişiklik edilməsini də təklif edib. O bildirib ki, deputatlığa namizədlərin seçki günündə seçki məntəqəsinə girişi qadağan edilməlidir:
“Bəzi deputatlar etik normaları gözləyərək həmin gün seçki məntəqəsinə getmirlər. Lakin bəziləri gedir və xoşagəlməz halların yaşanmasına səbəb olur”.
Nigar İxtiyarqızı