Parlamentdə pensiya yaşının azaldılması istənildi: “Kişilərdə 63, qadınlarda 60 yaş olsun”backend

Parlamentdə pensiya yaşının azaldılması istənildi: “Kişilərdə 63, qadınlarda 60 yaş olsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əli Məsimli: “Çoxuşaqlı ailə məhfumuna yenidən baxaq, pensiya güzəşti 3 uşaqlı qadınlara da aid edilsin”

Milli Məclisin yaz sessiyası çərçivəsində bu gün keçirilən iclasında 22 məsələ müzakirəyə çıxarılıb. Gündəlikdə olan məsələlər içərisində Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) də müzakirə edilib

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli müzakirə zamanı deyib ki, Azərbaycanda pensiya təminatı sərtləşməyə başlayıb.

Onun sözlərinə görə, qanuna təklif edilən dəyişikliklər pensiya təminatının sərtləşməsinə yönəlib: “Əlbəttə, məsələlərə dərindən yanaşdıqda, pensiyalarla bağlı təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini günahlandırmaq düzgün deyil. Hökumətin də bu məsələlərdə iştirakını vacib hesab edirəm. Azərbaycanda demoqrafik vəziyyət göstərildiyindən tamamilə dəyişib. Ailələrin əksəriyyəti indi 1 və 2 uşaqlıdır. Beş uşaqlı ailələrin sayı çox azdır. Ona görə təklif edirəm ki, çoxuşaqlı ailə məhfumuna yenidən baxaq, pensiya güzəşti 3 uşaqlı qadınlara da aid edilsin”.

“Azərbaycanda pensiya yaşı uzun müddətdir dəyişməyib. Hesab edirəm ki,  Azərbaycanda orta ömür uzunluğunu nəzərə alaraq pensiya yaşına yenidən baxmaq lazımdır. Ölkəmizdə kişilərin pensiya yaşının 63, qadınların isə 60 olmasını məqbul hesab edirəm”, – deyə Ə.Məsimli vurğulayıb.

Deputat qeyd edib ki, ümumiyyətlə, qadınların pensiya yaşı azaldılmalıdır: “Bununla qadınlar, qızlar üçün iş yerləri açıla bilər. Bizim Nazirlər Kabineti kişilər klubudur, orada cəmi bir qadın var. Biz patriarxal cəmiyyət deyilik. Bu istiqamətdə ciddi dəyişikliklər olmalıdır. Ümumiyyətlə, kvota müəyyən olunmalıdır ki, dövlət orqanlarında qadınların işləmə faizi 35 faizdən az olmasın”.

Müzakirələrdən sonra qanun layihələri ikinci oxunuşdan keçib.