1 aprel tarixindən etibarən Azadlıq meydanınındakı yeraltı dayanacaqda avtomobil park etmək üçün yeni tariflər tətbiq olunacaq.
Tribunainfo.az-ın xəbərinə görə, 0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb olunacaq.
Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. “Qonşular” paketinə görə 75 AZN ödəniləcək.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, AYNA-nın balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik–4 manat 66 qəpik arasında dəyişir. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir: “Qeyd edək ki, Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqləri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır.
Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur”.
“Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib”, – deyə bildirilib.