Fransanın paytaxtı Parisdə elektrikli skuter icarəsi qadağan olunub.
Tribunainfo.az xarici mənbəyə istinadən bildirir ki, bu səbəbdən səlahiyyətlilər xidmət göstərən “Dott”, “Lime” və “Tier Mobility” şirkətlərinə paytaxt küçələrində skuterlərini toplamaq üçün vaxt verib. Sahibkarlara ayırılan qanuni müddət gecə yarısı başa çatacaq.
Şəhərdə 2 min 500 parkinq sahəsində 15 min skuterlə şirkətlərin göstərdiyi xidmət turistlərin və gənclərin nəqliyyat üstünlükləri sırasında olmasına baxmayaraq, sözügedən minik vasitələri küçələrdə qalıb və qəzaya səbəb olub. Skuterlər piyada keçidlərinin qarşısını aldıqları üçün şəhər sakinləri reaksiya veriblər.
Parisdə elektrikli skuter icarəsi xidmətinin davam edib-etməməsi ilə bağlı aprel ayında keçirilən referendumda 89,3 faiz “yox” cavabını verib.
Beləliklə, Paris Avropada elektrikli skuterlərin kirayəsini qadağan edən ilk paytaxt şəhəri oldu. Bura şəxsi skuterlər daxil deyil.
Fransada ildə 2,5 milyon, Parisdə isə ayda 400 min insan elektrikli skuter xidmətindən faydalanır.