Azərbaycan para-atleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında ikinci qızıl medalı qazanıb.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, T13 kateqoriyasında yarışan idmançı 400 metr məsafəyə qaçış üzrə finişə 55.03 saniyəyə çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, 22 yaşlı para-atletin ümumilikdə dördüncü dünya çempionluğudur. Paralimpiya çempionu yarışın ilk günündə 100 metr məsafəyə qaçışda da birinci yeri tutub. O, ötən il isə Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.