ABŞ Taliban və Hakkani şəbəkəsi ilə qənaətbəxş mübarizə aparmayanadək Pakistana təhlükəsizlik sahəsində göstərdiyi yardımı dayandırmaq barədə qərar qəbul etməyə hazırlaşır. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert mediaya açıqlamasında bildirib. Lakin mətbuat katibi yardımın nə qədər hissəsinin kəsiləcəyi barədə məlumat verməyib. Politoloq Nəzakət Məmmədova mövzu ilə bağlı TİA.AZ-a şərh verib: “Prezident Trampın bir müddət əvvəl Pakistanı 15 il ərzində Amerikadan 33 milyard dollar almasına baxmayaraq, guya, xaos agentlərinə, terrorçulara sığınacaq verməkdə ittiham etməsindən sonra bu ölkəyə verilən 255 milyon dollar dayandırılmışdı. Hətta verilən pulların təyinatı üzrə xərclənməməsi barədə ittihamlar da öz əksini tapsa da, Pakistan xərclənən hər dolların hesabatını verməyə hazır olduğunu bildirib. Bundan başqa Pakistan dini azadlıqların olmadığı ölkələr siyahısına salınıb. Ehtimal ki, ABŞ artıq öz təhdidlərini həyata keçirməyə başlayıb. Belə ki, Qüds məsələsinə dair BMT Baş Assambleyasında ABŞ onun əleyhinə səs verən ölkələrə para yardımını kəsməklə hədələmişdi.
Görünən odur ki, bu təhdidin ilk qurbanlarından biri Pakistandır. Bu ölkə ilə münasibətləri pisləşdirmək ABŞ-ın Cənubi Asiyadakı mövqelərinin zəifləməsinə səbəb ola bilər. Yeganə nüvə silahına malik müsəlman ölkəsi Pakistan ABŞ-ın Əfqanıstandakı antiterror adlandırdığı əməliyyatlarda mühüm rol oynayır. Əslində isə Əfqanıstan Asiyaya, Çinə və isti dənizlərə çıxışı olan mühüm geosiyasi mövqeyə malik ölkədir və Pakistan olmadan Əfqanıstandakı NATO kontingentinə lojistik dəstək çətinləşə bilər. Hazırda ABŞ-la böyük rəqabətdə olan İngiltərə Hindistanda Əfqanıstana yaxın sərhədyanı ərazilərdə gizli emissarlar ordusu saxlayır. Çin də ABŞ-ın Asiyada hərbi iştirakından narahatdır. Belə bir şəraitdə ənənəvi olaraq Rusiya və İngiltərə ilə yaxın olan Hindistanla Kəşmir münaqişəsi səbəbindən qarşıdurmada olan Pakistan Hindistana balans, Çinin irəliləməsi qarşısında böyük səddir. Belə bir strateji dövlətlə münasibətlərin soyuqlaşması ABŞ-ın böyük geosiyasi uğursuzluğu olacaq. Üstəlik İrana yaxın olan Pakistan, həm də buna görə əhəmiyyət qazanıb. Türkiyə ilə eyni vaxtda Pakistanın da itirilməsi ABŞ və NATO üçün Asiyada böyük sonun başlanğıcı ola bilər.”
Vəsilə İbrahim
TİA.AZ