Qadının özü də bilmədən dövlətə yarım milyon manatdan çox borcu yaranıb.
Qadının özü də bilmədən dövlətə yarım milyon manatdan çox borcu yaranıb.
Xezerxeber.az məlumat verir ki, Malkova Olesya Aleksandrovna illər əvvəl Bakıda yerləşən kafelərdən birində ofisiant işləyib. O, Afərin adlı müdirinin onu aldatdığını iddia edir. İşlə bağlı pasportunu müdirə verən qadın, hansısa sənədə imza atıb. Nəticədə onun adına 2010-cu ildə “Eko” MMC adlı tikinti-dizayn şirkəti açılıb. Olesya Aleksandrovna Bakıda doğulsa da, Azərbaycan dilində danışa bilmir. O, bu sənədə də dili bilmədiyindən oxumadan imza atdığını deyir.
Qadın, hadisədən evinə gələn məhkəmə çağırışıyla xəbər tutub. Məlum olub ki, onun adına Şamaxı rayonu Şirvan küçəsi 19 ünvanında tikinti-dizayn şirkəti açılıb. Hazırda qadının 500 min manatdan çox vergi borcu yaranıb. Ölkədən çıxışına isə qadağa qoyulub.
Məsələylə bağlı Şamaxı rayonunda yerləşən 4 saylı Ərazi Vergilər İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, 2010-cu ildə fəaliyyətə başlayan inşaat şirkəti vergi ödəmədiyi üçün 3 il sonra fəaliyyətinə xitam verilib. Hazırda şirkətin qeydiyyatda olduğu ünvanda mağaza fəaliyyət göstərir. Şirkətdən isə əsər-əlamət yoxdur.
İdarədən o da bildirildi ki, belə hallar tez-tez baş verir. Fırıldaqçılıq motivindən əlavə müəyyən pul müqabilində də bu işə razılıq verənlər olur. Bütün sənədlərdə Malkova Olesya Aleksandrovnanın imzası olduğu üçün cavabdeh şəxs də o sayılır. Qadının gələcək taleyinə məhkəmə qərar verəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: