Özbəkistanın “Uzbekistan Airways” aviaşirkəti yanvarın 20-dən Avropaya uçuşlar üçün Rusiya ərazisindən istifadəni dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı aviaşirkətin İdarə Heyətinin sədri Şuxrat Xudaykulov mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, reyslərin marşrutu Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) hesabatı əsasında dəyişdirilib. Sözügedən hesabatda isə Rusiya ərazisinin Avropa hissəsi üzərindən uçuşların təhlükəli olduğu qeyd olunub.
Bildirilib ki, şirkətin təyyarələri Rusiya ərazisindən deyil, Azərbaycan və Türkiyə ərazisindən istifadə edərək reysləri yerinə yetirəcək.
“Təbii ki, bu reysin müddətini bir tərəf üçün 30-40 dəqiqə artırır və şirkət üçün əlavə xərclər yaradır. Buna baxmayaraq, biz tarifləri artırmamışıq, çünki bu fors-major vəziyyətdir və sərnişin buna cavabdeh olmamalıdır”, – deyə Xudaykulov qeyd edib.