“Öz evində kirayə” dövrünə SON: Mənzil işbazlarının bazarı bağlanır

“Öz evində kirayə” dövrünə SON: Mənzil işbazlarının bazarı bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda inşa edilən yeni tikillilərdə (“göydələn”) yaşamaq konfortlu və rahat olsa da, bu rahatlıq sakinlərə aylıq əlavə vəsaitlər hesabına başa gəlir. Yeni tikilən binalarla bağlı müxtəlif istiqamətli problemlər yaranır ki, bunlar da mətbuatda ara-sıra özünə yol açır. Əsas problem də öz şəxsi evlərində yaşamalarına baxmayaraq, vətəndaşlardan aylıq ödəniş alınması ilə bağlıdır. Artıq bu cür problemlərə son qoyula bilər. Belə ki, prezident İlham Əliyevin yeni imzaladığı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanı ilə artıq Mənzil Tikinti Kooperativlərinin üzərində nəzarət həyata keçirilə bilər.

Fərmanla “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”yə yarımbənd əlavə edilib ki, bununla Nazirliyə idarəedici subyektlərin Mənzil Məcəlləsinin tələblərinə riayət etməsinə nəzarətin həyata keçirilməsi səlahiyyəti verilir. Fərmana görə, artıq Nazirlik çoxmənzilli binanın idarə edilməsi qaydasına uyğun olaraq sahə mülkiyyətçiləri ilə müqavilələr bağlanılmasını tələb edə, müvafiq qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətini araşdırmaq üçün mənzil münasibətlərinin iştirakçılarından məlumatlar ala, onları təhlil edə, habelə daxil olmuş müraciətlər üzrə zəruri tədbirlər görə bilər.

Bu fərmanın icrası artıq MTK-ların özbaşınalığına son qoya bilər. Məlumdur ki, müxtəlif MTK-larla bağlı sakinlər müxtəlif problemlər yaşayırlar. Mənzil Tikinti kooperativləri (MTK) mənzil sahiblərindən aylıq ödəniş alır və bunun təyinatı sakinlərə məlum olmur. Bəzi MTK-lar hətta sahiblərin mənzilə köçməzdən əvvəlki aylar üçün ödəniş haqqı alırlar. Bəzən vətəndaşlar mənzili alır, amma uzun müddət bura köçmürlər. Həmin ev sahiblərinin lift, binanın təmizliyi, dəhlizin işıqlandırılması, mühafizə xidmətləri üçün ödəniş etməsi nə qədər məntiqsiz olsa da, MTK-lar vətəndaşları buna məcbur edirlər.

Qeyd edək ki, məsələnin digər bir tərəfi isə MTK-ların hər ay yığdıqları vəsaitin gördükləri işə adekvat olmamasıdır. Belə ki, yeni tikililərdə 30-40, bəzən isə daha artıq “ev pulu” yığılır. Vətəndaşlar hər ay qaz, elektrik, su kimi kommunal ödənişlərdən əlavə olaraq “MTK” pulu da ödəmək məcburiyyətində qalırlar. Binların mənzil sayının fərqli olduğunu nəzərə alaraq, qeyd edək ki, təqribən 250-500 mənzilin hər birinə görə alınan bu pulların cəmi külli miqdarda vəsait etsə də, bəzi binalarda dəhlizlərin çirkli olması, işıqlandırılması, mühafizə, dayanacaq məsələləri ilə bağlı problemlər mətbuatda yer alır. Lift problemi isə ümumiyyətlə, ayrıca və geniş mövzudur. Binaların istifadəyə verilməsi müddəti o qədər də böyük olmasa belə, Bakıda lift problemi aktual xarakter almağa başlayıb. Bu problemlərin həllində məsul olan MTK-lar isə bəzən liftin sıradan çıxmış qurğusunu dəyişmək üçün yenidən vəsait toplamaqdan belə çəkinmir. 17,16-cı mərtəbədən liftsiz aşağıya enmək məcburiyyətində qalan sakinlər isə yenidən bu pulu ödəmək məcburiyyətində qalırlar. Burada “hər ay ödənilən pulların hara xərclənir” sualı ortaya çıxsa da, bu suala cavab tapılmır. Çünki, MTK sahibləri açıq formada “cibimizə” -deyə cavab verə bilmirlər. Rəqəmləri araşdırsaq, həqiqətən məbləğin böyük hissəsinin ciblərə getdiyi məlum olur.

Məsələnin digər bir tərəfi isə ondan ibarətdir ki, MTK-ların nizamnamələrində “Evin saxlanması, istismarı və təmiri” adı altında qeyd olunan ödənişin qarşılığında vətəndaşa hər hansı qəbz və ya sənəd verilmir. Bəzi hallarda əllə yazılan kağız parçası verilir ki, bu da qanunaziddir. Məbləği müəyyənləşdirmək hüququ MTK-lara verilsə də, onlar vətəndaşlara Vergilər Nazirliyindən alınan nömrəli qəbzlər verməlidirlər. Həmin ödənişlərlə bağlı adıçəkilən nazirliyə hesabat verilməlidir.

Qeyd edək ki, qanunvericilikdə MTK-larla bağlı bir sıra hallar da nəzərdə tutulur ki, Bakı sakinləri demək olar ki, bunlardan xəbərsizdir. Belə kooperativlər öz üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirə bilmirlərsə, sakinlər məhkəməyə müraciət edə bilərlər. MTK-ya qarşı iddialar sübut olunarsa, sakinlər bu işləri görə biləcək başqa şirkətlə əməkdaşlıq edə bilərlər. Bununla bağlı ev sahibləri məhkəmə qaydasında MTK ilə razılaşmanı ləğv edib, prosesi özləri idarə edə bilərlər. Qeyd edək ki, bir sıra ölkələrdə binaların idarəçiliyinin sakinlər tərəfindən idarə olunması təcrübəsi var. Belə ki, idarəçilər sakinlərin seçimi əsasında ev sahibləri arasından seçilir. Nə qədər vəsaitin yığılmasını da sakinlər özləri müəyyənləşdirirlər. Problemlərin həlli və nasazlıqların aradan qaldırılması da payçıların nəzarəti altında həyata keçirilir. Hər hansı tərəfin bundan gəlir kimi istifadə etməsinə isə imkan verilmir.

Qeyd edək ki, bu təcrübə ölkəmizdə də reallaşarsa, bu vətəndaşlar üçün həm də iş yerləri deməkdir. Hələlik isə MTK-ların fəaliyyətinin nəzarətə alınması məsələsi gündəmdədir. Bununla bağlı fərman verildi. Qaldı bunun həyata keçirilməsi və tutarlı icra mexanizminin hazırlanması. Ümid edək ki, Bakının yeni tikililərinin sakinləri MTK “kirayəçiliyindən” də qurtaracaqlar.