“Öyrən, inan, faydalan” layihəsinin bağlanış mərasimi keçirilib-FOTObackend

“Öyrən, inan, faydalan” layihəsinin bağlanış mərasimi keçirilib-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər rayonunda yerli icma birlikləri tərəfindən “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, “EkoSfera” Sosial İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Öyrən, inan, faydalan” tibbi və sosial xidmətlər barədə məlumat və maarifləndirmə layihəsinin bağlanış mərasimi keçirilib.

Tribunainfo.az xəbər verir ki, layihə çərçivəsində Xəzər rayonunun Binə, Türkan, Zirə, Şüvəlan qəsəbələrindən olan könüllülər təlimlərə cəlb edilib. Təlimlərin məqsədi əhalinin sosial müdafiəsi sahəsində mövcud qanunvericilik və onun yaratdığı imkanlar haqqında maarifləndirmə işinə dəstək vermək olub.
1 saylı Bakı DOST Mərkəzində keçirilən tədbirdə, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov rəhbərlik etdiyi qurumun sosial müdafiə sahəsində maarifləndirmə işinə daim dəstək olduğunu bildirib. O qeyd edib ki, layihə çərçivəsində müxtəlif sahələr üzrə keçirilən təlimlərdə DOST Agentliyinin əməkdaşları fəal iştirak ediblər.
Milli Məclisin deputatı Soltan Məmmədov qeyd edib ki, “Öyrən, inan, faydalan” layihəsi əhalinin sosial müdafiəsi və icbari tibbi sığorta ilə bağlı qanunvericilik sahəsində vətəndaşların maarifləndirilməsi baxımından çox vacib əhəmiyyət kəsb edir.
“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) mütəxəssisi Əfqan Əliyev vətəndaş cəmiyyətinin inkişafı, dayanıqlı inkişaf məqsədlərini özündə ehtiva edən sosial layihələrə “Regional İnkişaf” İctimai Birliyinin daim dəstək olduğunu qeyd edib və layihənin gedişatı dövründə verdikləri töhfələrə görə tərəfdaş qurumlara öz minnətdarlığını bildirib.
Tədbirdə “EkoSfera” Sosial-Ekoloji Mərkəzin rəhbəri Firuzə Sultanzadə “Öyrən, inan, faydalan” layihəsinin əhalinin həssas qruplarının sosial və tibbi sahədə hüquq və vəzifələri barədə maariflənmə işindəki rolunu vurğulayaraq altı ay boyunca davam edən layihəni özündə əks etdirən təqdimat və videoçarx nümayiş etdirib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova keçirilən təlimlərin gənclər üçün əhəmiyyətini qeyd edib və gələcək əməkdaşlığa daim açıq olduqlarını vurğulayıb.
“Öyrən, inan, faydalan” layihəsinin könüllüsü Azər Məlikov altı ay boyunca tibbi və sosial sahədə əldə etdikləri biliklərə və komanda işinin yüksək səviyyədə təşkilinə görə bütün könüllülər adından minnətdarlığını bildirib.
Sonda layihədə təlimçi qismində iştirak edən mütəxəssislər təşəkkürnamə ilə təltif olunublar. Layihə könüllülərinə “Öyrən, inan, faydalan” layihəsini uğurla başa vurduqlarına görə sertifikatlar təqdim edilib.