Macarıstanın “Ferentsvaroş” klubunun idman direktoru Tomaş Hanyal futbolçuları Kvabena Ovusunun “Qarabağ”a icarəyə verilməsindən danışıb.
“Qafqazinfo”ya açıqlama verən klub rəsmisi bu xəbəri təkzib edib.
O bildirib ki, qanalı forvardın Ağdam təmsilçisinə icarəyə verilməsi məsələsi gündəmdə deyil: “Qarabağ” bizə hər hansısa təklif göndərməyib. Futbolçunun Bakıya niyə gəlməsindən xəbərim yoxdur. Bir gün əvvəl Ovusu bizim komandamızla birlikdə məşqdə idi. Dünən isə onun istirahət günü olub. Bakıya gedib-getmədiyini belə bilmirəm”.
“Qarabağ”ın meneceri Asif Əsgərov da xəbəri təkzib edib. O bildirib ki, belə bir məsələ gündəmdə deyil. Əsgərov həmçinin qeyd edib ki, qanalı forvardın paylaşdığı foto köhnədir. O, yaxın vaxtlarda Azərbaycana gəlməyib.
Qeyd edək ki, Kvabena Ovusu 2020-2023-cü illərdə “Qarabağ”ın futbolçusu olub.