Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
“Qafqazinfo”nun məlumatına görə, xanım müttəhimlərin üçü də konvoyun müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətiriliblər.
Sədrlik edən hakim Azad Məcidov deyib ki, prosesdən əvvəl Aynur Bayramovanın bacısı Dilbər Bayramova məhkəməyə ərizə göndərib. Hakim ərizəni tam elan etməsə də, orada yazılanların Aynur Bayramovaya verilmiş ittihamla bağlı olduğunu bildirib. Bayramova ittihamı qəbul etmədiklərini, işə ədalətlə baxılmasını xahiş edib.
Bundan əlavə, Şövkət İsayeva adlı vətəndaş tərəfindən məhkəməyə yazılı müraciət göndərilib. İsayeva bu iş üzrə zərərçəkmiş qismində tanınmayıb. Buna baxmayaraq vəsatətində yazır ki, övladının Türkiyədə müalicəsini təşkil etmək üçün Nuridə və Ayselə 80 min dollar pul verib. Həmin vaxt şirkətin əməkdaşı Şəbnəm Qurbanova da şahid olub. Qurbanova 80 min dolların qeyd etdiyi təqsirləndirilənlərdən tutularaq ona qaytarılmasını, başqalarına ibrət olması üçün layiqli cəzalandırılmalarını xahiş edib.
Hakim Azad Məcidov vəsatətlə bağlı həm Şövkət İsayevanın özünə, həm onun timsalında zərərçəkmiş kimi tanınmadığı halda məhkəmədən tələb edənlərə izahlı tövsiyə verib: “Mən özüm uzun illər istintaqda işləmişəm. 50 min dənə vəsatət qəbul edirdik, amma onların yarısını sübut edə bilməmişik. Sözümün canı odur ki, zərərçəkmiş olmayanlardan kimin təqsirləndirilən şəxslərdən əlavə tələbi varsa, getsin prokurorluğa şikayət etsin. Məhkəmə yalnız ittiham üzrə işə baxır”.
Bundan əvvəlki iclasda müttəhim Aysel Məmmədova sərbəst ifadə verib, prokurorun suallarını cavablandırıb. Bu gün isə Məmmədova zərərçəkmiş şəxslərdən birinin və vəkilinin suallarını cavablandırıb.
Bu iş üzrə ilk iclasdan zərərçəkmişlərin demək olar, hamısı iclaslarda iştirak edirdilər. Ötən həftə onların vəsatəti əsasında Aysel Məmmədova da həbs edildi. Amma bugünkü prosesə cəmi 3-4 nəfər zərərçəkmiş qatılıb.
Onlardan biri-Nərgiz Mahmudova şüşə qəfəs arxasında olan Aysellə üz-üzə dayanaraq övladının müalicəsi üçün ona 9 min manat verdiyini deyib. Aysel isə zərərçəkmişin dedikləri ilə razılaşmayıb: “Yalan danışır, pulu mənim yanımda Nuridənin köməkçisinə verib”.
Hakimin tələbi ilə tərəflər sözlü mübahisəni dayandırıblar.
Aysel Məmmədova ilk gündən zərərçəkmişlərdən şəxsən pul almadığını deyir. Bu gün o, vəkilinin suallarını cavablandırarkən yenidən bu məsələyə toxunub: “Mən həkim-ekspert olmuşam. İşə başlayan gündən Nuridə dedi ki, şirkətin maliyyə işlərinin, kimdən pul alınıb müalicə təşkil ediləcəyinin sənə aidiyyəti yoxdur. Xəstə yaxınları ilə danışığa və onlardan alınan pulların qəbulu işinə də şirkətin mühasibi Toğrul baxırdı”.
A.Məmmədova sərbəst ifadəsində bildirmişdi ki, cinayət işi ilə bağlı cəmi 10 epizodda adı keçir. 5 epizodda zərərçəkmişdən pulu alıb Nuridəyə verib, digərlərində isə pulun alınmasında iştirak edib. Xanım müttəhimin vəkili həmin epizodlarla bağlı müvəkkilinə müraciət edib, onun iştirakı ilə ölkədə və xaricdə əməliyyat keçirmiş şəxslərin adlarını sadalamasını istəyib. Görünən odur ki, müdafiə tərəfi gələcəkdə həmin şəxslərin və valideynlərinin şahid qismində məhkəməyə çağırılmasını tələb edəcək.
Proses gələn həftə davam edəcək.
İttihamda deyilir ki, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova Aynur Bayramova və Aysel Məmmədova ilə cinayətkar əlaqəyə girib. Onlar 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pullarını ələ keçiriblər.
Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.