Osman Gündüz: Gərək mobil operatorlar “yatmasınlar”

Osman Gündüz: Gərək mobil operatorlar “yatmasınlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabir Rüstəmxanlı “Azercell”i sərt tənqid edib. Haqlıdırmı?

 

Millət vəkili Sabir Rüstəmxanlı Yardımlıda olarkən ona “İrana xoş gəlmisiniz…” mesajı göndərilməsilə bağlı Azercell -i tənqid edib. Bu mobil operatora “Sən axı Azercell-sən, “İrancell” deyilsən!” – deyə Sabir Rüstəmxanlı qeyd edib.

 

Baxıram ki, bəziləri Sabir bəyin bu fkirlərini manipulyasiya edirlər, ədalətli münasibət sərgiləmirlər.

 

Əlbəttə, hörmətli yazıçımız haqlıdır.
Uzun illər milli məfkurə və azadlıq mübarizəsi aparan ağsaqqal yazıçının öz vətənində hərəkət edərkən ona belə bir mesajın gəlməsindən dolayı reaksiyası anlaşılandır.

 

Gərək mobil operatorlar “yatmasınlar”, aidiyyatı qurumlarla radio monitorinqlər aparsınlar, baza stansiyalarının güclərini artırsınlar. Öz ərazimizdə olduğumuz zaman xarici ölkənin mobil operatoruna rouminq bağlantısı mesajının daxil olması arzuolunan deyil, yolverilməzdir.

 

Azercell-in İranla rouming razılaşması var. Bu o deməkdir ki, müştərisi Azercell-in baza stansiyasının təsir dairəsindən uzaqlaşdıqda ona həmin əraziyə yaxın olan, Azercellə rouminq müqaviləsi olan digər operator xidmət göstərməlidir.

 

Yardımlıda, həmin ərazidə isə bu operator Nar, yaxud Bakcell deyil, həmin əraziyə yaxın olan İrancell-dir.

 

Düşünürəm ki, belə olmamalıdır.

 

Əlbəttə, beynəlxalq normativlər var, sərhəd zonalarında yerləşən radiovasitələrin gücləri ölkələr tərəfindən beynəlxalq normalarla tənzimlənir.

 

Lakin təəssüf ki, biz hələlik İranla bu cür tənzimləmələri, məhz onların beynəlxalq normalara sayğısızlığı səbəbindən başa çatdıra bilməmişik.

 

Güman ki onlar məqsədyönlü olaraq sərhəddə yerləşən baza stansiyaların istiqamətini, gücünü də beynəlxalq normalara zidd olaraq tənzimləyiblər. Belə olan halda isə bizim operatorlarımızın üzərinə daha böyük məsuliyyət düşür. Onlar daim bunu nəzarətdə saxlamalıdırlar.

 

Təəssüf ki, bizim mobil operatorlarımız indiyədək də ortaq bir baza stansiyaları şəbəkəsi qura bilməyiblər. Yalnız Nar və Bakcell ortaq şəbəkəyə malikdir.

 

Xatırlayıram ki, 2-ci Qarabağ savaşından məğlub çıxan Ermənistan , o zaman Şuşa ətrafındakı baza stansiyalarını gücləndirərək Şuşaya gələn xarici qonaqlara da bu tip mesajlar göndərmişdilər.

 

O zaman bizim aidiyyatı qurumlar bu məsələni zamanında həll etmişdilər.

 

İndi təsəvvür edin ki, ölkəımizə gələn COP29 qonağı, yaxud turist cənub bölgəsinə daxil olur. Onun telefonuna xidmət edən xarici mobil opetaror həmin ərazidə olan, hətta rouminq müaviləsi olan Azercell-in baza stansiyasının siqnalını deyil, İrancell –in siqnalını qəbul edəcək.

 

Və ona da “İrana xoş gəlmisiz” mesajı daxil olacaq. Bütün bunlar isə yolverilməzdir.

 

Əgər bizilm operatorların baza stansiyaları bütün ərazilərimizdə daha tez əlçatan olsa, daha güclü olsa belə bir arzuolunmaz mesajlar da telefonlarımıza gəlməz.

 

Bu, birmənalıdır.

 

Mobil operatorlar və aidiyyatı dövlət qurumları İranla radio müdaxilə məsələlərini beynəlxalq normalara uyğun bitirməli, bu problemin həllinə resurslar ayırmalı və tez bir zamanda bunu həll etməlidirlər.

 

Osman Gündüz

 

Ekspert