Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan xam xəyallarla yaşayır. Tribunainfo.az xəbər verir ki, o, Qarabağa qayıdacaqlarını, Qarabağın “azad” olacağını dilə gətirməkdə davam edir.
Oskanyan bildirib ki, ermənilərin gələcək nəsillərini “Şuşa qayıtmaq” düşüncəsi ilə tərbiyə etməlidirlər. “Əgər bunu etməsək, Sünik (Zəngəzur) gələcəkdə bizim olmayacaq”.
O deyib ki, Azərbaycan Qarabağı geri qaytarmaq üçün 30 il çalışdı. “30 il ərzində azərbaycanlılar nəsil yetişdiriblər ki, biz bütün əraziləri qaytaracağıq. İndi isə növbəti 30 ildə Ermənistanı alacaqlar və belə davam etsək, buna nail ola bilərlər”.
Oskanyan Zəngəzur Dəhlizi məsələsinə də toxunub. O iddia edib ki, XİN başçısı olarsa, bu mövzuya 5 dəqiqə içində son qoya bilər. “Bu gün xarici işlər naziri olsam, söz verirəm ki, Zəngəzur Dəhlizi məsələsini 5 dəqiqəyə gündəmdən çıxararam”.
O “gündəmdən çıxarmağın” yolunu da deyib. Keçmiş nazir bildirib ki, dəhliz məsələsi Laçın Dəhlizinin işlədiyi dönəmdə Azərbaycanın xeyrinə idi. “Artıq nə Laçın dəhlizi var, nə də Qarabağda erməni yaşayır. O zaman Zəngəzur Dəhlizi məsələsi də gündəmdən düşmüş sayılmalıdır”.