Ötən günlərdə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının 34 hərfdən ibarət ortaq türk əlifbası təklifi ilə bağlı razılığa gəldiyinə dair məlumat yayıldı.
Bu prosesin təfərrüatı ilə bağlı cəmiyyət arasında, xüsusilə də mədəniyyət adamları tərəfindən birmənalı qarşılanmadı, irad və etirazlara səbəb oldu.
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bildirdi ki, ortaq türk əlifbasının gündəmə gəlməsi təsadüfi və yeni məsələ deyil.
Professorun sözlərinə görə, “ən aşağısı 100-150 il olar ki, bu məsələ gündəmdədir. Çünki türk xalqlarının mənəvi, iqtisadi, siyasi, sosial birliyi gücləndikcə bu məsələ həmişə gündəmdə olub. Birinci türkoloji qurultayda da yüz il əvvəl Bakıda keçirilən qurultayda da bu məsələ gündəmdə olmuşdu.
Bu gün ortaq türk dili məsələsindən danışılır. Bunlar hamısı aktual məsələlərdir. Və bunların əsas məqsədi türk xalqlarının, türk cümhuriyyətlərinin vahid kulturoloji məkanda inteqrasiya məsələlərinin həllinə yönəlib. Ona görə də, indi bu əlifba axtarışları gedir. Ortaq türk dili ilə bağlı mübahisələr olur, müzakirələr aparılır. Yəni bunlara normal baxmaq lazımdır. O ki, qaldı konkret irəli sürülən əlifba layihəsilə də bağlı müəyyən fikirlər söyləmək olar. Önəmli olan odur ki, elə bir əlifba olsun ki, onda yazıb-pozmaq heç kim üçün problem olmasın. Qazax da, qırğız da, qaqauz da digər türkdilli xalqlar da bu dildə, bu əlifbada rahat yazıb pozsunlar. Burada speaifik səslərdən söhbət gedir. “Q”, “X”, “H” bunlar mənə elə gəlir ki, elmi müzakirələr əsnasında həll oluna biləcək məsələlərdir. O ki, qaldı vahid, ortaq türk dili məsələsinə, bu da zaman-zaman gündəmdə olacaq. Bizdə də aktuallaşır. Bununla da bağlı müəyyən fikirlər var ki, bu vahid məsələn anadolu türkcəsini götürmək və onun əsasında ortaq ünsiyyət dili yaratmaq bu məsələ də gündəmdədir. Yəni nə gözəl ki, belə proseslər gedir. Mübahisələr, fikir ayrılıqları olub həmişə də olacaq. Amma vahid qənaətə gəlmək üçün çox müzakirələr aparılmalıdır. Onlardan da biri Bakıda keçirilib və bu diskusiyalar davam edəcək”.
Dəniz Pənahova