“Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi üçün orduda müəyyən islahatların keçirilməsi təbiidir”.
Bu sözləri hərbi ekspert Emin Həsənli Azərbaycanda hərbi xidmətlə bağlı verilən son qərarlar və gözlənilən yeniliklər barədə danışarkən deyib.
O bildirib ki, belə qanun dövrə, zamana, məkana görə dəyişir:
“Hökumət bu qanunları dəyişməzdən öncə aidiyyəti qurumlarda təhlillər aparılır. İnsan resurslarından tutmuş, gələcəyə doğru hər bir addım nəzərdən keçirilir, yekunda isə lazımi qərarlar verilir”
E.Həsənli gələcəkdə ali təhsillilərlə yanaşı orta təhsillilərin də bir il xidmətetmə məsələsinə baxıla biləcəyini qeyd edib:
“Həmçinin çağırışın ildə 4 dəfədən 2 dəfəyə endirilməsinin müzakirəsi mümkündür. Yəni çağırışın və tərxisin yaz-payız aylarında olmasına baxıla bilər. Münaqişə dövründə ildə 4 dəfə lazım idi ki, birdən-birə ordunun yarısı ehtiyata bıraxılmasın. 25 faiz ehtiyata buraxılan zaman 75 faizi hazır formada olsun.
Peşəkar orduya keçid istiqamətində xeyli addımlar atılıb. Gələcəkdə çağırışla bağlı islahatlar davam etdirilə bilər”.
globalinfo.az