Orada, burada odur ki:
Orada, burada odur ki:
- Burada bir adama bircə dəfə kömək əlini uzadasan, orada o sənə dua etsin, hər yerdə desin ki, “yaxşı adamdır, əltutandır”, səni reklam etsin.
- Burada mırtlaşmağa, vaxt keçirməyə bir “insan” tutasan, yatağa salasan, dil töküb yalvarasan, orada öz dairəndə isə ağız dolusu danışıb, özünü öyəsən, dost və tanışların desin, “bomba, cool insandır”, avtoritet etsinlər səni, fəxr etsinlər fərasətinə.
- Burada kimisə atasan pulda, borc alıb, qaytarmayasan, orada desinlər “bacarana can qurban”, əfəli atarlar axı, insanlara güvənmək olmur, nümunə olasan digər fırıldaqçılara…
- Burada bir kitab oxuyasan, orada müzakirə edib, özünü gözə soxmağa bir mövzu olsun, ağıllı görsənəsən. Desinlər ki, “intellektualdır, hərşeyşünasdır”.
- Burada axırıncı puluna bahalı nəsə alasan, kredit və borca girəsən ki, orada deməsinlər ki, “acından ölür, iphone, planşeti yoxdur”, olmayasan başqalarının gözündə yazıq.
- Burada getdiyin hər yerdə, etdiyin hər iş zamanı selfi çəkəsən, tağ edəsən, orada qoy desinlər ki, “gör bunun nə qədər pulu var, babat mövzudur, gəl indi onu loxlayaq”, səni görəndə isə gülsünlər üzünə, olsunlar doğmadan da yaxın.
- Burada özünə elə əl gəzdirəsən ki, orada doğma anan da səni tanımasın.
- Burada yaxşı işə düzələsən, orada hər kəs xəbər tuta, bilmədiyin qohumların, dostların çıxa, qalasan mat-məəttəl.
- Burada xarici dil öyrənib, gedəsən xaricə, orada da doğma dilin çıxa yadından, qayıdanda vətənə, başlayasan xarici dildə danışmağa… Desinlər ki, “ziyalı, intellegentdir, halaldır ona”
- Burada hamıya söz verəsən, orada verdiyin sözdən qaçıb, durasan üzə, səni də qınamasınlar, anlasınlar, “desinlər, yazıq, elə hey kimsə nəsə istəyir ondan, yola verməsin, neyləsin?!”.