Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olan və Rusiyada fəaliyyət göstərən “Arizarum Qrup” şirkətinin (ООО “АРИЗАРУМ ГРУПП” – 7705176856) 2024-cü ildə əldə etdiyi gəlirlər açıqlanıb.
Tribunainfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, “Arizarum Qrup” ötən il 15 milyon 943 min rubl (319 min manat) gəlir əldə edib. Şirkətin xalis mənfəəti isə 9 milyon 839 min rubl (197 min manat) olub.
Qeyd edək ki, əvvəlki – 2023-cü illə müqayisdə “Arizarum Qrup”un gəliri 12% artıb.
Son 8 ildə “Arizarum Qrup”un gəlirləri ən yüksək səviyyəyə çatıb:
2017-ci ildə 14 568 000 rubl;
2018-ci ildə 13 984 000 rubl;
2019-cu ildə 13 919 000 rubl;
2020-ci ildə 13 815 000 rubl;
2021-ci ildə 14 045 000 rubl;
2022-ci ildə 13 924 000 rubl;
2023-cü ildə 14 270 000 rubl;
2024-cü ildə 15 943 000 rubl.
Məlumat üçün bildirək ki, “Arizarum Qrup” 14 yanvar 1998-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin yeganə təsisçisi Əsədova Zemfira Adil qızıdır. Şirkətin direktoru isə Nazarova Larisa Aleksandrovnadır. Nizamnamə kapitalı 10 min rubl olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.
Zemfira Əsədovaya məxsus şirkətə rəhbərlik edən Larisa Nazarov həm də “Medeki” (ООО “МЕДЕКИ” – 7702460354) adlı şirkətin təsisçisidir. Bu şirkətin isə gəlirləri ötən il 66,8 milyon rubl (1,3 milyon manat) olub.
Xatırladaq ki, Oqtay Əsədovun həyat yoldaşı Rusiyadakı biznes fəaliyyətinə paralel olaraq uzun illər Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiri olub. Ötən il mətbuatda yayılan xəbərlərdə bildirilib ki, Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Zemfira Əsədovanın müdiri olduğu 175 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb. Daha sonra qeyd olunub ki, Zemfira Əsədova yoxlamalardan sonra öz ərizəsi ilə vəzifəsindən gedib. Lakin onu da bildirək ki, hazırda Nizami Rayon İcra Hakimiyyətinin rəsmi saytında yer alan məlumatda 175 saylı Körpələr evi-uşaq bağçasının müdirinin Zemfira Əsədova olduğu göstərilir.
Onu da qeyd edək ki, son günlər ölkə mətbuatında Azərbaycanda bəzi sabiq yüksək vəzifəli şəxslərin adı Rusiya təsir şəbəkəsi ilə birgə hallanır. Yayılan məlumatlarda Milli Məclisin sabiq sədri Oqtay Əsədovun da Rusiya şəbəkəsi ilə əlaqələrindən bəhs edilib. Həmin yazıda Rusiya şəbəkəsinin üzvü kimi adı keçən sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin də Rusiyada biznes fəaliyyəti ilə məşğul olması barədə daha əvvəl məlumat vermişdik.