Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Oqtay Əsədov parlamentin son plenar iclasında deputatlara xəbərdarlıq edib. İclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirə üçün əsas kimi qəbul edilməsi ilə bağlı səsvermədə yetərsay alınmayıb.
Belə ki, səsvermədə 79 deputat iştirak edib.
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, səsvermə zamanı diqqətli olmaq lazımdır: “Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”.
Xatırladaq ki, bu Milli Məclis rəhbərliyi tərəfindən deputatlara son bir ayda edilən üçüncü xəbərdarlıqdır.
Editor.az ictimaiyyətdə ciddi müzakirələrə səbəb olan mövzu ilə bağlı qısa araşdırma aparıb.
Əməkdaşımız Milli Məclisin iclaslarında aktiv iştirak etməyən, səsvermədən yayınan və bu səbəbdən də Milli Məclisin rəhbərliyi tərəfindən artıq üçüncü dəfədir xəbərdarlıq olunan deputatları müəyyən etməyə çalışıb.
Aparılan müşahidələr zamanı bəlli olub ki, Milli Məclisin plenar iclasları keçirilərkən zalı tez-tez tərk edən, jurnalistlərin iclaslardan daha çox, parlamentin yeməkxanasında gördüyü deputatların sayı 20 nəfərdən artıqdır.
Ancaq davamlı olaraq bu davranışları ilə diqqət çəkən millət vəkillərinin sırasında Ağalar Vəliyev, Malik Həsənov, Rüstəm Xəlilov, Əsabil Qasımov, Mirkazım Kazımovun adı ilk sıralarda səslənir.
Deputat Sevinc Hüseynovanın isə mütəmadi olaraq parlamentin iclaslarını vaxtından əvvəl tərk etdiyi bildirilir.
Deputat Müslüm Məmmədovu isə “itkin” deputat saymaq olar. İnternet üzərindən və Milli Məclisin rəsmi saytından apardığımız araşdırmalar zamanı son iki ildə onun parlamentin iclaslarında hər hansı formada iştirakına dair məlumata rast gəlmədik.
TİA.AZ