Tibb sektorunda əsas oyunşulardan olan “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) cari ildə beşinci dəfə satınalma müsabiqəsinin qalibi seçilib.
Qaynarinfo xəbər verir ki, müsabiqəni “İnnovasiya və Təchizat Mərkəzi keçirib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 369 576 manatdır. Müqavilədə tibb müəssisələrinin istifadəsində olan mövcud Maqnit Rezonans Tomoqrafiya (MRT) avadanlıqları üçün maye halında helium qazının (dolum xidmətləri daxil) satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.
Kamran Məmmədov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
“Arash Medical Company” QSC 2019-cu ilə qədər MMC kimi fəaliyyət göstərib. Həmin ildən şirkətin təşkilati-hüquqi forması dəyişib.
2015-ci ilə qədər şirkətin qanuni təmsilçisi Əsədov Cavid Bəxtiyar oğlu olub. Cavid Əsədov Milli Məclisin keçmiş spikeri Oqtay Əsədovun yaxın qohumudur. Yerli mediada tirajlanan məlumatlarda iddia olunur ki, o, keçmiş spikerin qardaşı oğludur.
İddialara görə, şirkət əslində Oqtay Əsədovun nəzarətindədir. Qarşı tərəf bunu təkzib etsə də, mediada bu məsələdə israr edir.
“Arash Medical Company” QSC adətən iri məbləğli tenderlərin qalibi seçilir. Bu tenderlər tibbi avadanlıqların satın alınması ilə bağlı olur.