Bu gün Azərbaycanın görkəmli dövlət xadimi, tanınmış politoloq, Xarici siyasət məsələləri üzrə dövlət müşaviri olmuş mərhum Vəfa Quluzadənin doğum günüdür.
Bu gün Azərbaycanın görkəmli dövlət xadimi, tanınmış politoloq, Xarici siyasət məsələləri üzrə dövlət müşaviri olmuş mərhum Vəfa Quluzadənin doğum günüdür.
TİA.AZ görkəmli dövlət xadiminin doğum günündə onun həmkarları ilə əlaqə saxlayıb.
Politoloq Qabil Hüseynli Vəfa Quluzadənin ölümünün Azərbaycan üçün böyük itki olduğunu bildirib:
“Vəfa Quluzadə çox intellektual, işini bilən və işinə məsuliyyətlə yanaşan, beynəlxalq münasibətləri olduqca dəqiq incələyən şəxsiyyət idi. Ərəb, rus, ingilis və fars dillərini mükəmməl bilməsi onun əsas üstünlüklərindən biriydi. Ən başlıca üstün cəhəti isə vətənini həddindən artıq çox sevməsiydi. Onu ən çox Dağlıq Qarabağ və işğal edilmiş ərazilərimizin taleyi düşündürürdü. O, bu yolda lazım olan bütün imkanlarını sərf edirdi.
Çox yaxşı dost və mükəmməl bir insandı. Olduqca təvazökar olması isə onun böyüklüyündən irəli gəlirdi. Onun kimi bir ziyalının aramızdan getməsi Azərbaycan politologiyası üçün böyük itkidir. Beynəlxalq münasibətlərin inkişafındakı fəallığı ölkəmiz adına çox mühüm addımlardan olub. Yerli və beynəlxalq hadisələrə xüsusi peşəkar yanaşma tərzi olan Vəfa müəllim xalq arasında böyük hörmətə sahib idi.
Ona Allahdan ona rəhmət diləyirəm”.
Politoloq Ərəstun Oruclu hesab edir ki, Azərbaycanın müstəqillik tarixində Vəfa Quluzadənin müstəsna yeri hər zaman olacaq:
“Azərbaycanın müstəqillik illərində ən parlaq simalarından biri olan Vəfa müəllim bir siyasətçi, diplomat kimi təkcə öz fəaliyyət və fəallığı ilə deyil, eyni zamanda, vəzifədən getdikdən sonra belə öz təcrübəsini daim cəmiyyətlə bölüşməsi ilə yadda qalıb. Hər zaman gündəmdə olan ziyalı fikir bildirməkdən, mövzu ortaya qoymaqdan çəkinməyib. Hesab edirəm ki, o, Azərbaycan cəmiyyəti üçün çox ciddi örnək və nümunədir. Vəfa Quluzadə nə dövlət müşaviri olduğu, nə də sonrakı dövrdə heç vaxt öz mövqeyini açıq ifadə etməkdən çəkinmədi. Mən onu öz müəllimin sayıram. Ona görə ki, bütün keyfiyyətlərindən savayı, o, həm də xalqını, millətini, ölkəsini sevən bir insan idi. Düşünürəm ki, Azərbaycanın müstəqillik tarixində Vəfa Quluzadənin müstəsna yeri hər zaman olacaq”.
Fikrət Sadıqov Vəfa Quluzadə ilə yaxın münasibətlərinin hələ təhsil aldıqları Şərqşünaslıq fakültəsindən başladığını söyləyib:
“O, universiteti məndən tez bitirdi. Lakin sonra həyat bizi yenə bir araya gətirdi. Vəfa ilə mən hər ikimiz eyni diplomatik yolu seçmiş və ərəb ölkələrində çalışmışıq. O, məndən əvvəl başlamışdı. Təsadüf elə gətirdi ki, sonradan da eyni istiqamətdə çalışdıq.
Vəfa çox prinsipial, vətənpərvər və peşəkar bir ziyalı, çox zarafatcıl, eyni zamanda, həyata gerçək nəzərərlə baxan, baş verən hadisələri çox real qiymətləndirməyi bacaran böyük insan idi. Ən əsası isə Vəfa dostluğu çox yüksək qiymətləndirirdi. Çox heyfsilənirəm ki, indi aramızda yoxdur.
Ona Allahdan rəhmət diləyirəm. Doğrusu, mən dostumun ölümünü hələ də qəbul edə bilmirəm”.
Uzun müddət ərzində çiyin-çiyinə çalışan həmkarı Eldar Namazov da Vəfa Quluzadənin çox dərin, intellektli şəxsiyyət olduğunu bildirib:
“Peşəkar diplomat, professional politoloq, yüksək səviyyəli ictimai-siyasi xadim kimi ən çətin dövrlərdə Azərbaycan dövlətçiliyinin qorunması üçün böyük töhfələr verdi. Eyni zamanda, insan kimi çox sadə, söhbətə və insanları dinləməyə açıq olan bir şəxsiyyət idi. Biz Vəfa müəllimlə çox yaxın idik. Birgə çalışdığımız vaxtlarda elə gün olmurdu ki, vaxt tapıb bir yerdə yarım saat fikir mübadiləsi və bir çox məsələlər ətrafında müzakirələr aparmayaq. Onunla xarici səfərlərdə çox olmuşduq. Xasiyyətlərimiz uyğun gəlirdi, münasibətlərimiz isə yüksək səviyyədə idi. Onun ölümü ilk növbədə mənə ən böyük dost itkisi oldu. Bununla bərabər, çoxlarının rəğbətini qazanan dostum dövlətimiz, xalqımız üçün də böyük bir itki oldu. Azərbaycan ətrafında regional və beynəlxalq təhlükələrin formalaşdığı çətin bir dövrdə Vəfa müəllimin yeri görünür. Ona Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm. Biz heç vaxt onun xatirəsini unutmayacağıq, o, əvəzolunmaz, gözəl insan idi”.
Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. Atası Mirzəağa Quluzadə – ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, anası Yaqut Dilbazi Mirvarid Dilbazinin bacısıdır. 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1963-cü ildə məzun olub. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.
1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adına yiyələnib. 1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir Prezidenti Ənvər Sadatın SSRİ Xarici İşlər naziri Andrey Qromıko ilə görüşündə iştirak edib. 1973-cü ildə vətənə qayıdan V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib. Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib. 1990-ci ildə Azərbaycana qayıdıb və Azərbaycan Respublikasının Xarici siyasət üzrə dövlət müşaviri işləyib. Növbəti iki prezidentin – Əbülfəz Elçibəy və Heydər Əliyevin hakimiyyəti dövründə də öz postunda qalıb. Bu zaman ərzində Vəfa Quluzadə Azərbaycan xarici siyasətinin formalaşmasında yaxından iştirak edib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.
O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib. Vəfa Quluzadə musiqi məktəbinin müəlliməsi Leyla Əhmədova ilə evli idi. Bir qızı və dörd nəvəsi var. Oğlu Murad 2010-cu ildə 36 yaşında ikən onkoloji xəstəlikdən vəfat edib. Xatırladaq ki, V.Quluzadə mayın 1-də 75 yaşında dünyasını dəyişib.