Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə və külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilənlərin növbəti məhkəməsi baş tutub.
Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılıb. Təqsirləndirilənlər Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdur.
Məhkəmə prosesində Şücayət Əkbərovun vəkili texniki vasitələrdən istifadə olunmaqla Arif Alışanov və qızı Nigar Alışanovanın dindirilməsini istəyib. Vəkil həmçinin digər vəsatətində Şücayət Əkbərovun tibbi ekspertizadan keçirilməsini istəyib. Vəkil Ş.Əkbərovun səhhətinin həbsdə qalmasına imkan verib-vermədiyinin müəyyən edilməsini istəyib. Texniki vasitələrin köməyindən istifadə etməklə, canlı videogörüntü vasitəsilə ifadə vermələrinə şərait yaradılmasını məhkəmədən xahiş edib. Zərərçəkən Hacı Babayev və Dəyanət Cəfərov da etiraz ediblər.
Şücayət Əkbərov da vəsatəti dəstəkləyib. O, bildirib ki, Alışanovun iddia etdiyi torpaqların hamısı hazırda sürücüsü Hacı Babayevin adınadır: “Siz Alışanovun ifadəsini oxudunuz, onun dediklərinə inanırsınız. Amma mənim dediklərimi heçə sayırsınız. Alışanovun qətl hadisəsini deyirəm, deyirsiniz ittihamda yoxdur. Əvvəl deyirdilər belə hadisə olmayıb, indi də deyirlər, qız dağdan yıxılıb”.
Prokuror vəsatəti məhkəmənin mülahizəsinə buraxıb. Məhkəmə vəsatətləri təmin etməyib. Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib.
Qeyd edək ki, məhkəmə zalında Aqşin Hüseynov digər təqsirləndirlən şəxslərdən ayrı şüşə qəfəsdə saxlanılır. A.Hüseynov digər təqsirləndirilən şəxslərdən fərqli ifadə verib və məhkəmə gedişində də onlar arasında dəfələrlə mübahisə yaranıb.
Bildirək ki, ittiham aktında yazılır ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həmçinin A.Alışanovun 4,5 milyon manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.
Rəsmi məlumata görə, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.
İttihama görə, M.Namazov dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib.
Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs-qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.
Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.
Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.