Xəbər verdiyimiz kimi, ötən gün II Liqanın 14-cü turunda “Şahdağ Qusar” – “Kür-Araz” oyunu keçirilməyib.
“Qafqazinfo”nun məlumatına görə, buna səbəb qonaq komandanın oyuna gəlməməsi olub.
İmişli təmsilçisi avtobuslarının Şamaxıda qarlı yollardan keçə bilmədiyi üçün matça çatmadıqlarını açıqlayıb.
Peşəkar Futbol Liqası da məsələyə aydınlıq gətirib. Qurumdan saytımıza bildirilib ki, “Kür-Araz” klubu doğru yol seçmədiyi və onlara verilən istiqamətdə hərəkət etmədiyi üçün qarşılaşmaya gələ bilməyib:
“Peşəkar Futbol Liqası hava şəraiti dəyişən andan gecə saatları da daxil olmaqla bütün gün ərzində oyunların baş tutması üçün tam qüvvənin cəlb olunması yönündə klublarla daim əlaqədə olur. Meydançalar, mümkün çərçivədə yolların durumu da analiz edilir. Şamaxı OİK stadionunda II Liqada XIV turu çərçivəsində keçirilməli olan “Şahdağ Qusar” – “Kür Araz” oyunu zamanı da belə olub. Hər iki kluba hava durumu ilə bağlı işlər yönündə məsləhətlər verilib. “Şahdağ Qusar” klubu böyük fədakarlıq göstərərək gecə saat 2 radələrindən meydançanın təmizlənməsi üçün texnika cəlb edib. Nəticədə stadionun ot örtüyü tam təmizlənib. Həmin gün
Şamaxı şəhər stadionunda, saat 13:00-da əvəzedici komandalar arasında “Şamaxı-2” və “Turan Tovuz-2” oyunu da baş tutub. Doğru yolla gedən komandalar oyuna yetişə biliblər.
Peşəkar Futbol Liqası olaraq “Kür Araz” klubuna şifahi şəkildə həm əvəzedicilərin, həm də meydan sahibi klubun getdiyi yolun açıq olduğunu bildirmiş və onların da oyuna vaxtında çatması üçün həmin istiqaməti seçmələrini məsləhət və təkid etmişik. Təəssüf ki, İmişli təmsilçisi öz seçimini edərək və görünən də odur ki, yanlış qərar verərək Ağsu aşırımına üstünlük verib. Nəticədə də komanda lazımi vaxtda oyuna yetişə bilməyib”.