“İndi müxalifət nə düşünür, nə keçirmək istəyir və tələbləri nədən ibarətdir, bax, bu, bəlli deyil. Bunlara verilən sifariş də xaricdəndir”.
“İndi müxalifət nə düşünür, nə keçirmək istəyir və tələbləri nədən ibarətdir, bax, bu, bəlli deyil. Bunlara verilən sifariş də xaricdəndir”.
TİA.AZ xəbər verir ki, bunu YAP-çı millət vəkili Siyavuş Novruzov unikal.org saytına açıqlamasında Milli Şuranın keçirəcəyi mitinqdən danışarkən deyib.
O bildirib ki, müxalifət müxtəlif dövrlərdə heç bir səbəb olmadan kütləvi aksiyalar keçirir: “Öncə bu hava ilə əlaqədardır. Onlar belə şəraitlə öz mitinqlərini uyğunlaşdırırlar.
İkincisi, gündəmdə heç bir ciddi və problemli məsələ olmaya-olmaya kütləvi aksiya keçirməyə heç bir əsas yoxdur. Lakin əsas səbəb ondan ibarətdir ki, onlara xaricdən sifariş verilib deyə, belə bir aksiya keçirmək istəyirlər. Bilirlər ki, onların sosial bazası və elektoratı yoxdur və heç nəyə nail ola bilməyəcəklər. Həm özlərinin daxilində ciddi problem var və həm də ümumiyyətlə, əhali tərəfindən bunlara qarşı etimad yoxdur. Azərbaycanın müstəqilliyindən sonra 1 milyon insanının kütləvi aksiyalarda iştirakı bir neçə dəfə olub.
Hətta Xalq Hərəkatının ən gərgin vaxtlarında da 1 milyon insan iştirak etməyib. Bu qədər insan cəmi 3 dəfə Azərbaycanda kütləvi aksiyada və müəyyən tədbirdə iştirak edib. Birincisi, 20 yanvar şəhidlərinin dəfnində, 2-cisi ümummilli liderin 1994-cü il oktyabr hadisələr ilə bağlı Azadlıq Meydanında keçirdiyi mitinqdə, 3-cüsü Heydər Əliyevin dəfn mərasimi zamanı. Qalan hallarda Azadlıq Meydanında uzağı 200 min insan toplaşıb. 1 milyon iştirakçı heç vaxt olmayıb”.