Bir neçə gündür, Bakıda küçələrdə dilənçilik edən 13 yaşlı Aysu adlı qızın gözəlliyi barədə paylaşımlar gündəm olub. Aparıcı-bloger Nail Kəmərli sözügedən qızın videolarını ictimailəşdirdikdən sonra onun bacısı ilə birgə mağazalardan oğurluq etməsi barədə görüntülər yayılıb. Bacıların dilənçi deyil, bloger olduqları da deyilir. Nail Kəmərlini tənqid edənlər isə onun dilənçiləri reklam qazanmaq məqsədilə gündəmə gətirdiyini bildirirlər.
Bu barədə Pravda.az-a açıqlama verən N.Kəmərli deyib ki, Aysun doğrudan da dilənçidir, küçələrdə qalır.
“Mənə müraciət olundu ki, sığınacağa getmək istəyir, yerləşdirilməsi üçün kömək et. Mən də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim. Dedilər ki, problem yoxdur, biz hazırıq. Qız isə ikinci dəfə dedi ki, istəmirəm, bacımla qalıram, sığınacağa ehtiyac yoxdur, evimiz var. Üstü-başı pis vəziyyətdə, çirkli idi. Təklif etdim ki, gedək sənə paltar alım, saçlarını da düzəldək, səliqəli ol. Razılaşdı, paltar da aldıq, sonra onu dostumun salonuna apardıq. Həmin salonda ancaq saç düzəldirlər, makiyaj edilmir. Deyirlər ki, azyaşlı qıza makiyaj etmişik. Yanındakı bacısı ona özü pomada çəkdi. Bizdə çəkilişi də var. Sonda dedilər ki, biz gedirik gülümüzü satmağa. Onlar bloger deyillər, qaraçıdırlar. Həmin qızları sosial şəbəkələrdə paylaşdıqdan sonra onların mənə ayrı-ayrı oğurluq videolarını göndərdilər. Mən artıq məlumatlı oldum ki, oğurluqla məşğuldurlar. Onlarla telefonda maarifləndirici söhbət apardım. Dəfələrlə görüntülü danışdım və belə hərəkətlərə yol verməmələrini tapşırdım ki, özünüzü yığışdırın, yoxsa həbs olunacaqsınız. Dedilər ki, kadrlar köhnədir, indi oğurluq etmirik. İki gün öncə isə yenidən oğurluq videoları paylaşıldı. Deyirlər ki, Nail Kəmərli reklam qazanır. Mən o qızı hansısa gözəllik salonuna aparıramsa, salonda altı-yeddi nəfər onun üçün təmənnasız əziyyət çəkir. Bəs mən onlara təşəkkürümü necə bildirməliyəm? Videoda salonun adını buna görə çəkirəm. Təhsili barədə soruşdum. Dedi ki, heç birinci sinfə də getməmişəm, təhsil istəmirəm, lazım deyil, bundan sonra təhsil alan deyiləm. Oxumaq istədiyini desəydi, Elm və Təhsil Nazirliyinə də müraciət edərdim. Özü istəmirsə, məcburi şəkildə necə oxutduraq? Yaşının 13 olduğuna da inanmayıblar. Soruşdum, öz dediyinə görə, vəsiqəsində 13 yaşı, realda isə 17 yaşı var…” – N.Kəmərli deyib.